BMT TŞ-nın iclasında Ermənistanın əsassız iddiaları bir daha rədd edildi - Musa Quliyev (ÖZƏL)

BMT TŞ-nın iclasında Ermənistanın əsassız iddiaları bir daha rədd edildi - Musa Quliyev (ÖZƏL)

Bakı. TurkicWorld:

Azərbaycan tərəfinin hazırladığı faktlara əsaslanan çıxışlar və müraciətlər BMT Təhlükəsizlik Şurasının üzvlərinin, demək olar ki, hər birini qane etdi.

Bu fikirləri TurkicWorld-aözəl açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

“BMT Təhlükəsizlik Şurasının dünən keçirilən iclasında Ermənistanın əsassız iddiaları bir daha rədd edildi və onlara siyasi-diplomatik dildə öz yerləri göstərildi. İclasda ümumi olaraq bildirildi ki, Qarabağda yaşayan, Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərə humanitar yardımı məhz Azərbaycanın təklif etdiyi kommunikasiya vasitələrindən xüsusilə, Ağdam-Xankəndi yolundan istifadə etməklə çatdırmaq olar və bu işi istər Beynəlxalq Qızıl Xaç Komitəsi, istər Rusiya və Türkiyə missiyası həyata keçirə bilər”, -deyə M.Quliyev vurğulayıb.

Millət vəkili hesab edir ki, müzakirələrin sonunda heç bir qərarın qəbul edilməməsi bir daha göstərdi ki, bu, ermənilərin beynəlxalq aləmdə ciddi fiyaskosudur.

“Bundan sonra yəqin ki, ermənilərin bu cür əsassız iddilarına BMT-nin qapıları bağlı olacaq. Ermənistandan fərqli olaraq, Azərbaycanın təklif etdiyi modellər isə dünya dövlətləri tərəfindən qəbul edildi. Bu modellər isə, birinci növbədə, bölgədə daimi sülhün bərqərar edilməsi üçün Azərbaycan-Ermənistan arasında sərhədlərin qarşılıqlı olaraq tanınması, sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması və Qarabağadakı qeyri-qanuni erməni silahlı qüvvələrinin həmin ərazilərdən çıxarılmasıdır”, - deyə o əlavə edib.

M.Quliyev onu da bildirib ki, bu, bir daha Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu xarici siyasətinin nəticələrindən biridir.

“Ermənilərin növbəti şousu da fiyaskoya uğradı və onlara dəstək verən bəzi dırnaq arası dostları da anlamalıdır ki, ermənilər qədim peşələrini siyasi-diplomatik sahəyə gətirməklə heç bir uğur qazana bilmirlər”, - deyə millət vəkili vurğulayıb.

Ləman Əsədli

Twitter: lamanasadli01