Avropanın bir sıra gücləri Azərbaycanın qələbəsini qəbul edə bilmir – Musa Quliyev

Avropanın bir sıra gücləri Azərbaycanın qələbəsini qəbul edə bilmir – Musa Quliyev

Bakı. TurkicWorld:

Avropanın bir sıra gücləri Azərbaycanın Qarabağda qələbəsini qəbul edə bilmir.

Bu fikirləri TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

"AŞPA-nın son qərarı uzun illər demokratiya, insan haqları, ölkələrin ərazi bütövlüyünün qorunması və sair kimi sözlərlə örtbasdır etdikləri niyyətlərinin üstünü açmış oldu. Əslində bu proseslər 2020-ci il 44 günlük vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra başlayıb. Avropa Şurasının müxtəlif dövrlərdə verdiyi bəyanatlar da, guya ki, insan haqlarının qoruması haqqında apardığı monitorinqlər də prosesi ləngitmək və Azərbaycamın əleyhinə çalışmaq idi", - deyə o qeyd edib.

Mİllət vəkili onu da vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü öz gücü ilə bərpa etdi.

"Xüsusilə 2023-cü il 23 apreldə Laçın və Gorus rayonlarının sərhədində artıq Azərbaycan öz sərhəd buraxılış məntəqəsini qurmaqla ərazi bütövlüyünü tam nəzarətə götürdüyünü dünyaya bəyan etmiş oldu. Həmin ilin sentyabrın 19-da isə 24 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycan qeyri-qanuni erməni hərbi birləşməsinin ağ bayraq qaldıraraq təslim olmasını təmin etmiş oldu və məhz bunlar artıq bölgədə sülhün böyük təminatı üçün çox ciddi hərəkətlər idi. Azərbaycanın çox açıq şəkildə 10 noyabr 2020-ci il üç tərəfli müqaviləsində qarşıya qoyulan bütün vəzifələrin icra edilməsinin Ermənistan tərəfindən təmin olunmasını tələb etməsi, o cümlədən kommunikasiyaların və Zəngəzur koridorunun açılması, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı etdiyi cəhdlər və ardıcıl təkidləri şübhəsiz ki, bu dövlətləri narahat etməyə bilməzdi", - deyə o əlavə edib.

M.Quliyev onu da vurğulayıb ki, AŞPA-nın Azərbaycana qarşı haqsız iddiaları və qərarları da heç bir əhəmiyyət daşımır və Azərbaycan öz yoluyla davam edəcək.

X: Lamanasadli01