Bakı. TurkicWorld:
Zəngəzur dəhlizi açılandan sonra regionun turistik və iqtisadi əhəmiyyəti daha da artacaq.
Bu fikirləri TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
“Ermənistan öz işğalçılıq siyasətini 30 il davam etdirərək Azərbaycanın torpaqlarını talan etdi. Lakin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü təmin etdikdən sonra çox sürətlə Şərqi Zəngəzur və Qarabağda yenidənqurma işlərinə başladı. Cənab prezident İlham Əliyevin fərman və sərəncamları ilə infrastruktur layihələri hazırlandı və idarəetmə ilə bağlı bütün işlər görüldü. Artıq Şərqi Zəngəzurda və Qarabağda quruculuq işləri tam sürətlə gedir”, - deyə o əlavə edib.
Millət vəkili hesab edir ki, ötən ilin sonlarında qəbul olunan "Böyük Qayıdış" birinci dövlət proqramı bu işin daha sistemli şəkildə əsaslı həlli üçün hüquqi normativ əsaslar yaratmış oldu.
“Eyni zamanda cənab prezidentin sərəncamı ilə həm Şərqi Zəngəzurun, həm Qarabağın, həm də işğaldan azad olunmuş ayrı-ayrı rayonların idarəetməsilə bağlı işlər görüldü, səlahiyyətli nümayəndələr təyin olundu və işğaldan azad olunan şəhərlərimizin, qəsəbələrimizin baş planları hazırlandı. Laçın şəhəri, Zabux kəndi, Ağalı kəndi, Suqovuşan və Talış kəndində artıq uşaqlar məktəbə gedib. Bu çox böyük bir tarixi hadisə idi. Bundan əlavə, Şuşa da işğaldan azad olunandan sonra ilk sakinlərini qəbul edəcək”, - deyə M.Quliyev vurğulayıb.
Millət vəkili onu da bildirib ki, burada təkcə quruculuq, abadlıq, yenidənqurma, məskunlaşma işləri görülmür, həm də böyük iqtisadi-sosial layihələr həyata keçirilir.
“Bu gün Azərbaycan prezidentinin qətiyyəti, apardığı uğurlu xarici siyasət, cəsarətli çağırışları şübhəsiz ki, Qarabağda, Şərqi Zəngəzurda görülən işlərin daha böyük sürətlə getməsinə, Ermənistanla sülh müqaviləsinin imzalanmasına, bütün kommunikasiyaların, Zəngəzur dəhlizinin açılmasına gətirib çıxaracaqdır. Bütün bunlar hamısı bu torpaqların tarixi Azərbaycan torpaqları olduğunu bir daha dünyaya əyani şəkildə sübut edir. Bundan əlavə, bizim tez-tez xaricdən gələn qonaqlarımız müxtəlif səviyyəli qonaqlar, prezidentlər, baş nazirlər, nazirlər, deputatlar, diplomatlar bu gördüyümüz böyük tarixi işlərlə gəlib yerində tanış olurlar və bu bir daha da Azərbaycanın haqq işinin dünyada tanıdılması, qəbul olunması üçün şərait yaradır”, - deyə o qeyd edib.
Ləman Əsədli
Twitter: Lamanasadli01