Son dəqiqə

Qarabağ Əli Nağıyev beynəlxalq konfrans Müharibə

İtkin düşənlərin taleyinin müəyyənləşdirilməsi davamlı sülhün mühüm şərtidir - Əli Nağıyev

BAKI,TurkicWorld

İtkin düşənlərin taleyinin müəyyənləşdirilməsi humanitar məsuliyyətimiz, ailələr qarşısında mənəvi öhdəliyimiz və davamlı sülhün mühüm şərtidir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə "Bakı Dialoqu" çərçivəsində "İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda keçirilən IV beynəlxalq konfransdakı çıxışı zamanı deyib.

O qeyd edib ki, artıq dördüncü dəfə keçirilən Bakı Dialoqunda məqsədimiz dövlətlərin, beynəlxalq təşkilatların və mütəxəssislərin təcrübəsini bir araya gətirmək, axtarışları sürətləndirən, ailələrə cavab tapmağa kömək edən əməkdaşlıq mexanizmlərini inkişaf etdirməkdir.

"Azərbaycan itkin düşənlər problemindən əziyyət çəkən ölkələrdən biridir. Keçmişdə Ermənistanın əsassız iddiaları və işğal siyasəti xalqımız üçün ağır humanitar nəticələr doğurub. Müharibə başa çatsa da, yaxınlarının taleyindən xəbərsiz ailələr üçün gözlənti davam edir.

Dövlət Komissiyasında hərbi təcavüz nəticəsində itkin düşmüş 4010 nəfər qeydiyyata alınıb. Onlardan 4004 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ilin 44 günlük Vətən müharibəsində itkin düşüb. İtkinlərin 3228 nəfəri hərbi qulluqçu, 782 nəfəri mülki şəxsdir. Mülki şəxslər arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs var. Bu rəqəmlər faciənin miqyasını göstərir", – deyə o bildirib.

Ə.Nağıyev əlavə edib ki, Dövlət Komissiyası aidiyyəti qurumlarla birlikdə məzarlıqların müəyyənləşdirilməsi, qazıntı-ekskumasiya və qalıqların eyniləşdirilməsi işlərini genişləndirib.

"İtkinlərin yaxın doğmalarından ümumilikdə 11 566 donordan bioloji nümunələr toplanaraq sistemləşdirilib. Bu məlumatlar şəxsiyyətin elmi əsaslarla müəyyənləşdirilməsi üçün mühüm bazadır. 1 oktyabr 2026-cı ilədək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülmüş, azad edilmiş ərazilərdə aşkarlanmış 32 kütləvi məzarlıqdan 253 şəxsə aid olduğu ehtimal edilən qalıqlar ekshumasiya edilib", – deyə o vurğulayıb.

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə "Bakı Dialoqu" çərçivəsində Gülüstan sarayında "İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda IV Beynəlxalq Konfrans keçirilir.

Tədbirdə sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək vəzifəli nümayəndələri, itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və insan hüquqları sahəsində mütəxəssislər, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, hərbi attaşeləri və digər şəxslər iştirak edirlər.

Builki müzakirələrin əsas istiqamətlərindən biri tərəflər arasında etimadın formalaşdırılması və möhkəmləndirilməsidir.

Konfransın məqsədi yalnız müzakirələrlə kifayətlənməmək, etimadı və əməkdaşlığı gücləndirən, ailələrin həqiqəti bilmək hüququnun təmin olunmasına xidmət edən, məlumat mübadiləsini asanlaşdıran, həmçinin müasir məhkəmə-tibbi, DNT və texnoloji imkanların tətbiqini genişləndirən praktiki və dayanıqlı mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir.

Mövzuya görə xəbərlər