Son dəqiqə

Azərbaycan Qarabağ Ermənistan Rusiya UNESCO

Ermənistanın Qarabağın alban irsinə iddiaları tamamilə əsassızdır - Artur Ağacanov

BAKI,TurkicWorld

Tanınmış ictimai xadim, "Qarabağ xristianları hərəkatı" İctimai Birliyinin rəhbəri və Ermənistanla Azərbaycan arasında Sülh naminə Vətəndaş Platformasının həmsədri Artur Ağacanov rəhbərlik etdiyi hərəkatın nümayəndələri ilə birlikdə bəyanat yayıb.

Xatırladaq ki, əslən Qarabağdan olan hərəkat iştirakçıları Artur Ağacanovun rəhbərliyi ilə uzun illərdir iki əsr ərzində erməniləşdirməyə məruz qalmış etnomədəni və dini kimliklərinin bərpası və qorunması uğrunda mübarizə aparırlar. A.Ağacanovun maraqlarını təmsil etdiyi Qarabağ alban-xristianları türk, qıpçaq mənşəli olub, qədim zamanlardan alban xristianlığını qəbul ediblər. Daha sonra onlar Eçmiədzində yerləşən erməni kilsəsinin Alma-Materi (ana mərkəzi-red) tərəfindən kilsə və mədəniyyət baxımından assimilyasiyaya məruz qalıblar.

Bəyanatda, xüsusilə, deyilir:

"Biz bu gün müxtəlif ölkələrdə yaşayan bir qrup Qarabağ türk-xristianı olaraq uzun illərdir erməniləşdirməyə və təqiblərə məruz qalmış etnik və dini kimliyimizin bərpası və qorunması uğrunda mübarizə aparırıq. Hərəkatımız özünəməxsus mədəni və mənəvi irsimizin qorunmasına kömək göstərilməsi xahişi ilə dəfələrlə BMT-yə, UNESCO-ya, Avropa və digər beynəlxalq təşkilatlara müraciət edib. Təəssüf ki, ötən illər ərzində gözlədiyimiz cavabı ala bilməmişik. Buna baxmayaraq, ümidimizi itirmir və fəaliyyətimizi davam etdiririk.

Xarici diplomatların bu yaxınlarda Qarabağda yerləşən - Qafqaz Albaniyasının tarixi irsinin ayrılmaz hissəsi - Gəncəsər və Xudavəng məbəd komplekslərinə səfəri erməni cəmiyyətində, Erməni Kilsəsi dairələrində, eləcə də siyasi xadimlər arasında geniş rezonans doğurub. Səfərlə bağlı müzakirələr davam edir. Təəssüf ki, erməni tərəfi hələ də tarixi reallığı qəbul etmək istəmir. Azərbaycanın Qarabağ üzərində nəzarətini bərpa etməsi onun çoxqatlı mədəni-tarixi irsinin, o cümlədən alban xristian irsinin öyrənilməsi, qorunması və dirçəldilməsi üçün imkanlar açır.

Biz Eçmiədzinin və bütövlükdə Ermənistanın Qarabağın və ətraf ərazilərin qədim alban irsinə dair iddialarını əsassız hesab edirik. Xristian dünyasının ən qədim kilsələrindən biri olan Alban Avtokefal Kilsəsinin kökləri Yerusəlim və İsanın həvariləri ilə əlaqəli erkən xristian təbliğinə gedib çıxır. Qafqaz Albaniyasında xristianlığın yayılması eramızın I əsrindən başlayıb. Qafqaz Albaniyası dövləti Urnayırın hakimiyyəti dövründə, 313-cü ildə xristianlığı rəsmi olaraq qəbul edib. Bu, Qafqaz Albaniyası əhalisini birləşdirən mühüm amilə çevrilib.

XVIII–XIX əsrlərdə alban kilsə ənənəsinin vəziyyəti Cənubi Qafqazda Rusiya imperiyasının hərbi-siyasi ekspansiyası və iki Rusiya-İran müharibəsinin nəticələrinə əsasən regionun əhəmiyyətli hissəsində onun hakimiyyətinin qurulması ilə əlaqədar ciddi dəyişikliklərə məruz qalıb. Həmin müharibələr 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay sülh müqavilələrinin imzalanması ilə başa çatıb. Rusiya imperiyası hakimiyyətinin 1836-cı ildə alban katolikosluğunu ləğv etmək və onun kilsə strukturlarını Eçmiədzinin yurisdiksiyasına vermək barədə qərarı xüsusi əhəmiyyət daşıyıb.

Məhz həmin vaxtdan müxtəlif etnosların nümayəndələrini, o cümlədən əcdadlarımız olan və qədim zamanlardan Qarabağın cənubunda kompakt şəkildə yaşayan türk və qıpçaqları birləşdirən alban xalqının etnik kimliyinin itirilməsi və erməniləşdirilməsi kimi faciəli proses başlayıb.

Bu fikirləri dəstəkləyən məqamlardan biri kimi məşhur kinorejissor, "Mosfilm" kinokonserninin baş direktoru və idarə heyətinin sədri Karen Şahnazarovun çıxışlarına diqqət çəkirik. O, öz əcdadlarının Məlik Şahnazar nəslindən olması və türk kökləri barədə açıq şəkildə danışıb.

Şanlı əcdadlarımız olan qıpçaqlar həmişə udinlər və Qafqaz Albaniyasının digər xalqları ilə qohumluq əlaqələri qurublar, haykan (erməni) xalqının və kilsəsinin nümayəndələri ilə isə yaxınlaşmaqdan çəkiniblər. Əsrlər boyu baş verən dəyişikliklərə baxmayaraq, etnik və mənəvi özünüdərkin qorunub saxlanmış elementlərini gələcək nəsillərə ötürməyə çalışırıq.

Azərbaycana Qarabağın bərpasında, məbədlərinin, o cümlədən qədim Alban Kilsəsinin qorunmasında və Qafqaz Albaniyasının qədim xristian irsinin hərtərəfli öyrənilməsində uğurlar arzulayırıq".

Mövzuya görə xəbərlər