Bakı. TurkicWorld:
Azərbaycanın bütün ərazilərində, o cümlədən, Xankəndində və ermənilərin yaşadığı digər yaşayış məntəqələrində suverenliyimiz təmin edilib.
Bu fikirləri TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
“Yevlax görüşündə də, bundan sonrakı görüşlərdə də həmişə Azərbaycan hökuməti təkliflərini irəli ürəcək. Bundan sonra Qarabağdakı ermənilər Azərbaycanın vətəndaşlığını qəbul edərək, Azərbaycan qanunları ilə yaşayacaqlar. Cənab prezident İlham Əliyevin də dediyi kimi Azərbaycan vətəndaşlarına verilən bütün hüquq və təminatlar Qarabağda yaşayan ermənilər üçün də həyata keçiriləcək”, - deyə o əlavə edib.
M.Quliyev hesab edir ki, heç şübhəsiz, Qarabağda ermənilər 30 ildən artıq müddətdə böyük anti Azərbaycan təbliğatının, eyni zamanda zərərli dırnaqarası erməni milliyətçiliyin təsiri altında olub və bu baxımdan, onların inteqrasiya prosesi rahat keçməyəcək, yəni bu baxımdan, müəyyən adaptasiya proqramları hazırlanmalıdır.
“Burada qalıb yaşayanlar üçün qarşılıqlı şəkildə təhlükəsizlik, asayişin qorunması, sosial müdafiə, məşğulluq, tibb və digər problemlərin həlli üçün ardıcıl tədbirlər həyata keçiriləcək. Ermənilərin özünün yerli idarəetmə qurumlarının, bələdiyyə seçkilərinin keçirilməsi, daha sonra Azərbaycan Respublikası prezidentinin bütün şəhər və rayonlarda olduğu kimi nümayəndəlikləri və icra orqanlarının strukturları da yaradılacaq”, - deyə M.Quliyev bildirib.
Millət vəkili onu da qeyd edib ki, inteqrasiya prosesində müəyyən çətinliklərin olması gözləniləndir.
“Çünki ortadakı gərginlik tədricən, mərhələ-mərhələ aradan qaldırılacaq. Cənab İlham Əliyevin dünən xalqa müraciətində irəli sürdüyü yol xəritəsi istiqamətində proseslər davam edəcək. Əsas odur ki, burada yaşayan insanlara erməni diasporunun və Ermənistandakı radikal qüvvələrin təsirləri aradan qaldırılsın”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələndi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş təyin edildi.
Yevlaxda keçirilən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə edilib.
Xatırladaq ki, əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Ləman Əsədli
Twitter: lamanasadli01