Son dəqiqə

Musa Quliyev

Qarabağdakı ermənilər Azərbaycan qanunlarını və vətəndaşlığını qəbul etdikləri təqdirdə bu ərazidə hüquq və imkanlar əldə edərək yaşayacaqlar – Musa Quliyev (ÖZƏL)

Bakı, TurkicWorld:

Azərbaycan Qarabağda geniş şəkildə məskunlaşma mərhələsinə keçir, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Kəlbəcərə və Laçına son səfəri orada görülən işlərə tanış olması, yeni layihələrin bünövrəsinin qoyulmasında iştirak etməsi və ictimaiyyətə müraciəti Şərqi Zəngəzur və Qarabağın həyatında növbəti mərhələnin başlanğıcından xəbər verir. Bu mərhələ geniş şəkildə məskunlaşma, Ermənistan- Azərbaycan probleminin son nöqtəsinə yaxınlaşma mərhələsidir. Cənab İlham Əliyevin Qarabağ ərazisində yaşayan erməni icmasına müraciətində söylədiyi fikirlər də istər Ermənistanda, istər Qarabağda yaşayan erməni əhalisi arasında ciddi müzakirə edilir və doğru nəticə çıxarmaları gözlənilir. Cənab İlham Əliyev konkret şəkildə bildirdi ki, Qarabağda erməni separatizminə son qoyulub və bundan sonra nə müstəqillik, nə muxtariyyət, nə də digər özünü idarəetmə formalarından söhbət gedə bilməz”, - deyə o qeyd edib.

M.Quliyevin sözlərinə görə, Qarabağdakı ermənilər Azərbaycan qanunlarını və vətəndaşlığını qəbul etdikləri təqdirdə bu ərazidə hüquq və imkanlar əldə edərək yaşayacaqlar.

“Azərbaycanın iqtisadi və digər imkanlarının Ermənistandan qat-qat yüksək olduğunu nəzərə alsaq, Ermənistandakı ermənilərdən daha yaxşı şəraitdə yaşayacaqlarını deyə bilərik. Təbii ki, bundan sonra Azərbaycan araşdırmalara başlayacaq. Azərbaycan xalqına qarşı törədilən cinayətlərdə iştirak edən şəxslər qanun qarşısında cavab verəcək”, - deyə M.Quliyev əlavə edib.

Millət vəkili onu da bildirib ki, bu, cənab İlham Əliyevin ermənilərə son xəbərdarlığıdır və həmin xəbərdarlıqdan uyğun nəticə çıxarmayanlar ölkə ərazisini tərk etməli olacaqlar.

“Artıq Ermənistan tərəfinin son günlərdə çarəsiz durumda olduğu açıq-aydındır. Moskva görüşündən sonra Ermənistanın Zəngilanda diversiya hərəkətləri törətməsi və həmin gün diversantların yaxalanması Azərbaycan Ordusununun sərhədlərdə ayıq-sayıq olmasını göstərir. Bundan sonra sərhədlərin delimitasiya prosesi daha da sürətlənəcək”, - deyə o vurğulayıb.

M.Quliyevin sözlərinə görə, Ermənistana manevr etməyə imkan verən şərtlərdən biri də Türkiyədə keçirilən seçkilər idi.

“Onlar müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun hakimiyyətə gələcəyini və separatçı fəaliyyətinə davam edəcəklərini düşünürdülər. Prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qalib gəlməsi Azərbaycan, Türkiyə və bütövlükdə Türk dövlətləri arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək. Hesab edirəm ki, bu ilin sonuna qədər Ermənistanla bütün problemlər öz həllini tapacaq, daimi və uzunmüddətli sülhə imza atacağıq”, - deyə o əlavə edib.

Ləman Əsədli
Lamanasadli01

Mövzuya görə xəbərlər