BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Federal Mülki Aviasiya İdarəsi gələn həftədən etibarən Boeing şirkətinə 737 MAX və 787 tipli təyyarələr üçün uçuşa yararlılıq sertifikatlarını yenidən rəsmiləşdirmək səlahiyyəti verəcəyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, ABŞ Federal Mülki Aviasiya İdarəsi bu barədə Konqresə göndərdiyi məlumatda qərarın aylarla davam edən təhlükəsizlik və istehsal keyfiyyəti üzrə geniş yoxlamalardan sonra qəbul edildiyini bildirib. Qurum qeyd edib ki, Boeing şirkətinin istehsal prosesində sabit keyfiyyət nümayiş etdirməsi bu qərarın əsas səbəblərindən biridir.
Federal Mülki Aviasiya İdarəsinin açıqlamasına görə, bundan sonra Boeing uçuşa yararlılıq sertifikatlarını qurumun birbaşa nəzarəti altında rəsmiləşdirəcək.
Bu qərar şirkət üçün mühüm mərhələ hesab olunur və Boeing-in təyyarə istehsalını artırmaq planlarına dəstək verəcəyi gözlənilir.
Federal Mülki Aviasiya İdarəsi 2019-cu ildə Efiopiyada baş vermiş ölümcül 737 MAX təyyarə qəzasından sonra Boeing-in hər bir 737 MAX təyyarəsini müstəqil şəkildə sertifikatlaşdırmaq hüququnu ləğv etmişdi.
Qurum 2022-ci ildə isə istehsal keyfiyyəti ilə bağlı problemlər səbəbindən Boeing 787 təyyarələri üzrə də bu səlahiyyəti dayandırmışdı.







