İran ABŞ Tehran Vaşinqton Ağ Ev Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE)

İran ABŞ təhdidlərinə görə MAQATE-yə məktub göndərdi

BAKI,TurkicWorld,Fərid Mikayılov

İran ABŞ-nin ölkənin nüvə obyektlərinə mümkün hücum təhdidlərinin qlobal nüvə silahlarının yayılmasının qarşısının alınması rejimi baxımından ciddi nəticələr doğura biləcəyini bildirərək Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) rəsmi müraciət ünvanlayıb.

TurkicWorld xəbər verir ki, İranın Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyana Ofisi yanında Daimi Nümayəndəliyi tərəfindən MAQATE-nin baş direktoru Rafael Qrossiyə göndərilən məktubda İranın dinc xarakterli nüvə proqramına yönəlmiş təhdidlərdən ciddi narahatlıq ifadə olunub.

Məktubda bildirilib ki, bu cür təhdidlərin normallaşdırılması Agentliyin etibarlılığına xələl gətirir və yoxlama fəaliyyətləri üzərində formalaşmış beynəlxalq etimadı sarsıdır. Sənəddə vurğulanıb ki, bu cür yanaşmalar qlobal nüvə silahlarının yayılmasının qarşısının alınması sisteminə ciddi zərbə vurur.

İran tərəfi sözügedən təhdidlərin açıq şəkildə pislənməsinin vacibliyini qeyd edərək, “məsuliyyətsiz” mövqe nümayiş etdirən şəxslərin cavabdehliyə cəlb olunmasına çağırıb.

ABŞ Prezidenti Donald Trampın bir neçə gün əvvəl Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi görüş zamanı İrana qarşı hücum təhdidləri səsləndirməsi Tehranın sərt reaksiyasına səbəb olub.

Mövzuya görə xəbərlər