Son dəqiqə

ABŞ Suriya Donald Tramp Vaşinqton Dəməşq Əhməd Əl-Şaraa Suriya ABŞ əməkdaşlığı Tomas Barak

Vaşinqton–Şam münasibətlərində dönüş nöqtəsi: ABŞ bayrağı yenidən Dəməşqdə

BAKI, TurkicWorld

ABŞ ilə yeni Suriya rəhbərliyi arasında münasibətlərin istiləşdiyinə dair əlamətlər fonunda, 2012-ci ildən bəri bağlı olan Vaşinqtonun Dəməşqdəki səfirlik rezidensiyasının qarşısına yenidən ABŞ bayrağı sancılıb.

TurkicWorld xəbər verir ki, ABŞ 2012-ci ildə Suriyada vətəndaş müharibəsinin başlanmasından sonra səfirliyini bağlamaq qərarı verib.

Rezidensiyanın rəsmi açılışı məqsədilə ABŞ-ın Türkiyədəki səfiri və eyni zamanda Suriyada xüsusi nümayəndə təyin olunan Tom Barrak Şamı ziyarət edib. Səfər zamanı Barrak Suriya keçid dövrü dövlət başçısı Əhməd əş-Şara ilə görüş keçirib və ölkənin müharibədən zərər görmüş enerji sistemini bərpa etməyə yönələn 5 min meqavatlıq enerji layihəsi üzrə imzalanan müqavilədə iştirak edib.

Layihə, Qətərin UCC Concession Investments şirkətinin rəhbərliyi ilə ABŞ-dan Power International USA, Türkiyədən isə Kalyon GES Enerji Yatırımları və Cengiz Enerji tərəfindən icra ediləcək. Dörd kombinə edilmiş qaz turbinindən və min meqavat gücündə günəş elektrik stansiyasından ibarət olan layihənin ölkənin elektrik ehtiyacının 50 faizindən çoxunu ödəyəcəyi bildirilir.

ABŞ hələlik Dəməşqdəki səfirliyini tam şəkildə açmasa da, Barrakın səfəri Vaşinqton–Şam münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunun simvolik ifadəsi kimi qiymətləndirilir.

Əhməd əş-Şara əvvəllər ABŞ-ın terror təşkilatı kimi tanıdığı islamçı müxalifət qrupunun lideri olub və bu səbəbdən Vaşinqton onun rəhbərliyinə əvvəlcə ehtiyatla yanaşırdı. Lakin son həftələrdə, xüsusilə ABŞ-ın regional müttəfiqləri olan Səudiyyə Ərəbistanı və Türkiyənin təşviqi ilə Tramp administrasiyası yeni Suriya hakimiyyətini daha açıq şəkildə qəbul etməyə başlayıb.

ABŞ Prezidenti Donald Tramp bu ayın əvvəlində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda əş-Şara ilə gözlənilməz görüş keçirib və bu görüşdən sonra ABŞ Suriyaya qarşı sanksiyaların ləğvinə start verib.

Mövzuya görə xəbərlər