Bakı, TurkicWorld
ABŞ Rusiya və Ukrayna ilə sülh yolu ilə nizamlanma məsələsində böyük irəliləyişlər əldə edir.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp verdiyi müsahibədə bildirib.
“Rusiya və Ukrayna ilə danışıqlar baxımından böyük uğurlar əldə edirik,” – deyə Tramp qeyd edib. O, danışıqların gedişatı ilə bağlı əlavə məlumat verməyib.
Qeyd edək ki, ötən gün ABŞ və Rusiya Qara dənizdə təhlükəsiz gəmiçiliyin təmin edilməsi və güc tətbiqinin istisna edilməsi barədə razılığa gəliblər.
ABŞ və Rusiya, həmçinin, prezidentlər arasında əldə olunan, enerji infrastrukturuna zərbələrin qadağan edilməsinə dair razılığa gəliblər.
Bununla yanaşı, Ağ Ev bildirib ki, ABŞ, Rusiyanın kənd təsərrüfatı məhsullarının və gübrələrin ixracı üçün dünya bazarına çıxışını bərpa etməyə kömək edəcək.
"ABŞ, Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrə ixracı üçün dünya bazarına çıxışının bərpasına, dəniz sığortası xərclərinin azaldılmasına, eləcə də bu tip ticarət əməliyyatları üçün limanlara və ödəniş sistemlərinə çıxışın təmin olunmasına yardım göstərəcək", – deyə məlumatda qeyd olunub.
Digər tərfdən isə, Ukrayna, Qara dənizdə təhlükəsiz gəmiçiliyin təmin olunması və enerji infrastrukturuna zərbələrin tamamilə qadağan olunması ilə bağlı ABŞ ilə razılığa gəldiyini təsdiqləyib.