ABŞ Rusiya Ukrayna Ağ Ev Ər-Riyad Rustem Umerov Qara dənizdə təhlükəsizlik

Ukrayna, ABŞ-la Qara dənizdə təhlükəsizliyin təmin olunması barədə razılığa gəldiyini təsdiqləyib

Bakı, TurkicWorld

Ukrayna, Qara dənizdə təhlükəsiz gəmiçiliyin təmin olunması və enerji infrastrukturuna zərbələrin tamamilə qadağan olunması ilə bağlı ABŞ ilə razılığa gəldiyini təsdiqləyib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Ər-Riyadda keçirilən danışıqlardakı nümayəndə heyətinin rəhbəri Rustem Umerovun X platformasında verdiyi açıqlamada deyilir.

“Bütün tərəflər təhlükəsiz naviqasiyanı təmin etmək, güc tətbiqindən imtina etmək və Qara dənizdə kommersiya gəmilərindən hərbi məqsədlər üçün istifadənin qarşısını almaq barədə razılığa gəliblər. Həmçinin bütün tərəflər prezidentlər arasında əldə olunan, enerji infrastrukturuna zərbələrin tam qadağan edilməsinə dair razılığa gəliblər”, - deyə o bildirib.

Nazir qeyd edib ki, Rusiyanın öz hərbi gəmilərini Qara dənizin şərq hissəsindən kənara çıxarması bu razılaşmaya zidd hesab olunacaq və Kiyev tərəfindən həm dənizdə sərbəst gəmiçiliyə, həm də Ukraynanın milli təhlükəsizliyinə təhdid kimi qiymətləndiriləcək.

Umerovun sözlərinə görə, bütün tərəflər enerji və dəniz razılaşmalarının həyata keçirilməsinə dəstək göstərilməsi üçün üçüncü ölkələrin cəlb olunmasını alqışlayırlar.

O, həmçinin bildirib ki, ABŞ hərbi əsirlərin mübadiləsi və mülki şəxslərin azad olunması məsələsində dəstəyini təsdiqləyib.

Qeyd edək ki, dünən Rusiya və ABŞ nümayəndələri Ər-Riyadda görüş keçirib. Bundan bir gün əvvəl, 23 mart axşamı isə ABŞ və Ukrayna nümayəndə heyətləri danışıqlar aparıblar. Bugün Vaşinqton və Kiyev nümayəndələri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda danışıqlar aparıblar.

Mövzuya görə xəbərlər