Kanadada İsrailə hərbi ixracı dayandırmaq üçün hökumətə iddia qaldırılıb

Kanadada İsrailə hərbi ixracı dayandırmaq üçün hökumətə iddia qaldırılıb

Bakı. TurkicWorld:

Kanadada insan haqları vəkilləri və Fələstini dəstəkləyən qeyri-hökumət təşkilatlarının üzvləri Ottava hökumətinə qarşı İsrailə "hərbi ixracı dayandırmaq" üçün iddia qaldırıblar.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Kanadanın İsrailə hərbi texnika satmağa davam edərək “beynəlxalq hüquq öhdəliklərini” pozduğunu bildirən məhkəmə işi materiallarında Kanadanın xarici işlər naziri Melani Coliyə, eləcə də ədliyyə naziri Arif Viraniyə qarşı ittihamlar irəli sürülüb.

Məlumata əsasən, materiallarda İsrailə bu icazələrin verilməsi ilə qanunun pozulduğu iddia edilib.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) məruzəçiləri fevralın 23-də verdiyi yazılı açıqlamada, Qəzzada istifadə ediləcəyi və beynəlxalq hüququ pozacağı səbəbi ilə İsrailə silah satışını dərhal dayandırmağa çağırıblar.

Qeyd edək ki, 29 fevral tarixində Qəzza şəhərinin cənubundakı Dovar ən-Nablusi yaxınlığında yüzlərlə fələstinli yardım gözləyərkən İsrail tərəfindən atəşə tutulub.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 mindən çox fələstinli həlak olub, 72 mindən çox adam isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

X: Lamanasadli01