Bakı,TurkicWorld
Qəzza zolağındakı hökumət, İsrail ordusunun Qəzza zolağının şimalında yerləşən Kemal Advan xəstəxanasını hədəf aldığını və nəticədə xəstəxananın tamamilə sıradan çıxdığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, hökumətin mətbuat ofisindən yayılan bəyanatda İsrailin xəstəxanaya qarşı hücumunun səhiyyə sisteminə ağır zərbə vurduğu bildirilib.
Açıqlamada, işğalçı qüvvələrin xəstəxana ətrafını partlayıcı yüklü robotlarla dağıtdığı, daha sonra binanın böyük bir hissəsini bombaladığı vurğulanıb. Hücum nəticəsində 5 tibb işçisi öldürülüb, 75 nəfər yaralanıb və xəstələr də daxil olmaqla 350-dən çox insan xəstəxana binasında saxlanılıb.
Eyni zamanda, İsrail əsgərlərinin fələstinliləri silah gücü ilə naməlum yerlərə apardığı qeyd olunub. Xəstəxana rəhbərliyi və işçilərlə əlaqənin tamamilə kəsildiyi bildirilib.
Hökumət, beynəlxalq ictimaiyyəti, Birləşmiş Millətlər Təşkilatını və səhiyyə təşkilatlarını bu cinayətləri dayandırmaq üçün təcili və əməli tədbirlər görməyə çağırıb. İsrailin, ABŞ rəhbərliyinin və ona dəstək verən ölkələrin – İngiltərə, Almaniya və Fransanın bu cinayətlərə görə məsuliyyət daşıdığı vurğulanıb.