BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Tez-tez təkrarlamağı sevdiyim bir ifadə var və görünür, indi biz sərt soyuqlar və leysan yağışlarla müşayiət olunan qış günlərində kifayət qədər isti hadisələrə şahid olacağıq.
TurkicWorld xəbər edir ki,təxminən bir aydır ki, Türkiyədə baş verən qeyri-adi hadisə və prosesləri diqqətlə izləyirəm. Türkiyənin Müdafiə Nazirliyi ölkə hava məkanına daxil olan və mənşəyi müəyyən edilməyən beşdən artıq pilotsuz uçuş aparatının (PUA) vurulduğunu və ya tapıldığını açıqlayıb. Bu məsələ ilə bağlı ekspertlər iki düşərgəyə bölünür: bir qrup bu PUA-ların Rusiya istehsalı olduğunu, digər qrup isə onların Ukrayna hava məkanından gəldiyini iddia edir. Hər iki versiyanı birləşdirən məqam ondan ibarətdir ki, bu pilotsuz aparatların Suriya–Ukrayna müharibəsi kontekstində istifadə edildiyi, sonradan isə hədəfini itirərək Türkiyə ərazisinə düşdüyü ehtimal olunur.
Lakin diqqətçəkən məqam ondan ibarətdir ki, bu PUA-lar Türkiyənin paytaxtı Ankara yaxınlığında aşkar edilib. Bu isə istər-istəməz belə bir sual doğurur: kimsə Türkiyənin hərbi potensialını və hava müdafiə imkanlarını yoxlamağa çalışırmı?
Digər tərəfdən, ABŞ və İsrailin Yunanıstanı maksimum dərəcədə dəstəklədiyi, onu silah anbarına çevirməyə çalışdığı müşahidə olunur. İsrail Yunanıstanla bir sıra strateji hərbi müqavilələr imzalayıb. Tarixi baxımdan Türkiyə ilə Yunanıstan arasında mövcud olan gərginlik fonunda İsrailin bu prosesi qızışdırmağa çalışdığı ehtimalı güclənir.
Bu kontekstdə, Türkiyə paytaxtından qalxdıqdan 45 dəqiqə sonra yüksək rütbəli Liviya hərbi rəsmilərini daşıyan xüsusi təyyarənin qəzaya uğraması da diqqətdən kənarda qalmamalıdır. Hadisə, naməlum mənşəli pilotsuz aparatların Türkiyə hava məkanına daxil olmasından sonra baş verdiyi üçün suallar doğurur. İlkin məlumatlar qəzanın texniki nasazlıq səbəbindən baş verdiyini göstərsə də, bir ölkənin bir çox yüksək rütbəli hərbi şəxslərini daşıyan təyyarənin qəzaya uğraması, istər-istəməz bu hadisənin arxasında hansısa qüvvələrin dayanması ehtimalını gündəmə gətirir və Türkiyəni çətin diplomatik vəziyyətə sala bilər.
Eyni zamanda İsrail qəti şəkildə Türkiyənin atəşkəsdən sonra Qəzza sektorunda təhlükəsizliyin təmin olunması üçün yaradılacaq sülhməramlı qüvvələrdə iştirakına qarşı çıxır. İsrail Türkiyəni artıq özünə qarşı olan dövlətlər siyahısına daxil edib. Bu baxımdan Türkiyə hava məkanında baş verən hadisələrin arxasında İsrail faktorunun dayanması ehtimalı bəzi dairələrdə istisna edilmir.
Türkiyə son dərəcə həssas strateji mövqeyə malikdir və yüksək hərbi qabiliyyətlərə sahib silahlı qüvvələri var. Tarix göstərir ki, Türkiyə dövləti öz mövcudluğunu və beynəlxalq mövqeyini məhz hərbi güc üzərində qurub. Türkiyəni müharibəyə cəlb etməyə yönələn istənilən cəhd İsrail üçün olduqca ağır nəticələr doğura bilər. Üstəlik, Türkiyə NATO üzvüdür və Alyansın 5-ci maddəsinə əsasən, üzv ölkələrdən birinə hücum bütün üzvlərə hücum kimi qiymətləndirilir.
Bununla belə, ABŞ-ın İsrailin Türkiyə və region ölkələrinə qarşı atdığı bu addımlar qarşısında zəif mövqe sərgilədiyi görünür. ABŞ-ın siyasi, hərbi və iqtisadi qərarlarının böyük ölçüdə iri şirkətlər tərəfindən formalaşdırıldığı, bu strukturlar üzərində isə İsrail lobisinin güclü təsirə malik olduğu açıq-aydın hiss olunur. Nəticə etibarilə, Vaşinqtonun siyasətində İsrail izinin açıq görünməsi təəccüblü deyil.
“Vəd olunmuş torpaq” və ya qlobal sistemin çəkdiyi “Davud dəhlizi” konsepsiyası, xüsusilə İstanbulun fəthindən sonra formalaşan beynəlxalq düzənin mirası kimi, son dövrlərdə Yaxın Şərqdə açıq şəkildə öz iddialarını reallaşdırmağa başladığını göstərir. Bu sistem artıq niyyətlərini gizlətmir və bölgədəki planlarını daha açıq formada həyata keçirməyə çalışır.
Why are drones entering Turkish airspace? What is happening near Ankara? Turkey air defense tested? Regional consequences of UAV incidents







