Son dəqiqə

İngiltərə

İngiltərədə ölkə tarixində ən böyük dinozavr izi aşkar edilib

Bakı, TurkicWorld

İngiltərənin Oksfordşir bölgəsindəki karxanada ölkə tarixində indiyə qədər ən böyük dinozavr izləri aşkar edilib.

TurkicWorld xəbər verir ki, təxminən 166 milyon il əvvələ aid olduğu müəyyən edilən 200 nəhəng ayaq izi müxtəlif növ dinozavrların hərəkət yollarını ortaya qoyub.

İzlərin uzunboyunlu ot yeyən dinozavr Cetiosaurus və ətyeyən Meqalozaurusa aid olduğu güman edilir.

Birmingem Universitetindən mikropaleontoloq Prof. Dr. Kirsti Edqar bildirib ki, ən uzun iz yolları 150 metrə qədər uzanır və qazılmamış ərazilərdə bu məsafə daha da uzun ola bilər.

Bu yay baş tutan qazıntı işlərində alimlər, tələbələr və könüllülərdən ibarət 100-dən çox insan iştirak edib. Araşdırmalar nəticəsində beş fərqli iz yolu aşkarlanıb.

Dörd cığırda dördayaqlı, ot yeyən dinozavrların izləri tapılıb. Bu dinozavrların ayaq izləri filinkinə bənzəyir, lakin daha böyükdür. Bu növlərin uzunluğunun 18 metrə qədər olduğu təxmin edilir.

Beşinci yol isə üç barmaqlı aydın izlərə malik olub və iki ayaq üstə gəzən Meqalozaurusa aid edilib.

Ehtimallara görə, dinozavrlar bu izləri isti və dayaz bir gölün palçığında gəzərkən buraxıblar.

Qazıntılar zamanı izlərin ətraflı tədqiqi aparılıb. Alimlər gips qəliblər hazırlayıb, 20 mindən çox fotoşəkil çəkib və 3D modellər yaradıblar.

Mövzuya görə xəbərlər