Bakı,TurkicWorld
İsrail prokurorları Netanyahunun həyat yoldaşına qarşı istintaqa başlayıb
TurkicWorld xəbər verir ki, İsrailin Baş Prokuroru Qali Bharav Miara, baş nazir Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahuya qarşı korrupsiya ittihamları ilə bağlı istintaq başlatmağı polisə tapşırıb.
Sara Netanyahu, ərinin korrupsiya işi çərçivəsində siyasi rəqibləri və şahidləri təqib etməkdə şübhəli bilinir.
Məlumata görə, İsrail Ədliyyə Nazirliyi dünən qısa açıqlama yayaraq, istintaqın Uvda araşdırma proqramında Sara Netanyahu haqqında yayımlanan hesabat əsasında aparılacağını bildirib.
Proqramda Sara Netanyahunun keçmiş köməkçisinə, siyasi opponentlərə qarşı etiraz aksiyalarını təşkil etmək və baş nazirin korrupsiya işi üzrə əsas şahidi Hadas Kleini qorxutmaq üçün təlimatlar verdiyi iddia edilən WhatsApp mesajları təqdim olunub.
Ədliyyə Nazirliyinin bəyanatında Sara Netanyahunun adı birbaşa çəkilməsə də, bu ittihamların onunla əlaqəli olduğu açıq şəkildə bildirilir.
Baş nazir Benyamin Netanyahu isə yayılan bu hesabatı "tamamilə yalan" kimi tənqid edərək, iddiaların əsassız olduğunu bildirib.