Bakı. TurkicWorld / Arab.AZ
Təl-Əvivdə İsrail ordusunun 60 gündən sonra Livanın cənubunda qalacağı ilə bağlı söz-söhbətlərin artdığı bir vaxtda siyasi mənbələr ABŞ prezidentinin nümayəndəsi Amos Hokşteynin “atəşkəsin həyata keçirilməsinə” əmin olmaq üçün bir həftə sonra bölgəyə gələcəyini təsdiqləyib. İsrail isə Livan ordusunun ölkənin cənubunda yerləşməsinin gecikdiyini və eləcə də Hizbullah və İran təhlükəsinin hələ də reasl olması bəhanəsilə ordularını Livandan çıxarmağa tələsmir.
Eyni zamanda Təl-Əvivdəki siyasi mənbələr bu geri çəkilməyi Livanın yeni prezidentinin seçilməsi ilə əlaqələndirərək, livanlıların gələn ayın 9-da prezidenti seçmək prosedurlarına başlayacağını qeyd ediblər. Lakin İsrailin geri çəkilməməyə haqq qazandırmaq üçün istifadə etdiyi “ən güclü” arqument Hizbullahın özünü yenidən qurmaq səyləridir.
İsrailin müdafiə naziri Yisrael Katz peycer cihazlarının partlaması nəticəsində yaralanan ailələrə ianə toplamaq cəhdlərini Hizbullahın təşkilati imkanlarını bərpa etmək cəhdi hesab edib. Katz bazar ertəsi verdiyi açıqlamada, “biz onların reabilitasiya üçün bütün cəhdlərini kəsəcəyik və İsrailin uzun əli vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün hər cür çalışacaq” deyib.
Qərar İsrail hökumətinin “Terrora qarşı İqtisadi Müharibə” Qurumunun (MATAL) tövsiyəsindən sonra və Təl-Əvivdəki təhlükəsizlik qurumunun “Hizbullah”a qarşı apardığı iqtisadi kampaniya çərçivəsində qəbul edilib.
İsrailin açıqlamasına görə, müxtəlif vasitələrlə dünyanın bir çox ölkələrində ki şiələr zəkat və xums ödəmə bəhanəsilə Hizbullaha ianələr ediblər. Bəzi ölkələrdə sıravi şiə müsəlmanların bu haqda xəbəri olmasa da onlar İran təsir agentlərinin maraq dairəsindədir.
İsrailin bəyanatında qeyd olunub ki, bu maliyyə faktiki olaraq təşkilatın elementlərini gücləndirmək və əməliyyat imkanlarını bərpa etmək üçün istifadə olunub.
Maliyyə nazirinin yaydığı bəyanatda deyilir ki, “sanksiyaların tətbiqi (Hizbullah) və digər silahlı təşkilatlara qarşı aparılan iqtisadi müharibədə ictimaiyyəti onların əməliyyatlarının maliyyələşdirilməsində iştirakdan çəkindirmək məqsədi ilə daha bir mühüm addımdır. Bu cür hərəkətlər təşkilatın son illərdə sosial şəbəkələr və kraudfanding platformaları vasitəsilə əhəmiyyətli dərəcədə genişlənən maliyyə mənbələrinə ziyan vurur”.
Siyasi mənbələr İsrailin siyasi və təhlükəsizlik liderlərinin son günlər atəşkəs razılaşmasının müddəti bitdikdən sonra belə Livanın cənubunda İsrailin mövcudluğunu saxlamaq imkanları ilə bağlı bir neçə dəfə müzakirələr apardıqlarını açıqlayıb. “Maariv” qəzetinin yazdığına görə, bu tendensiya iki əsas səbəbdən qaynaqlanır: birincisi, Livan ordusunun ölkənin cənubunda ləng yayılması, ikincisi isə bölgədə hələ də ifşa olunan çoxlu sayda “Hizbullah” sursatıdır. Təşkilatın indiyə qədər İranın köməyi ilə gücünü bərpa etmək səyləri var.
Hizbullah Livan ordusuna “gələcəkdə təşkilatın qüvvələri tərəfindən doldurulacaq bir boşluq yaratmaq üçün Livanın cənubundakı mövqeləri ələ keçirməkdən” çəkinmək üçün təzyiq edir.
Maraqlıdır ki, İsraildə hələ də Livanın cənubunda qüvvələrin saxlanılması ilə bağlı rəsmi qərar verilməyib və rəsmilər hələlik belə bir qərara gəlməyiblər. Amma bu tendensiyanın dərc edilməsi qəsdən idi ki, livanlılar buna hazır olsunlar.