Bakı, TurkicWorld
ABŞ-ın seçilmiş prezidenti Donald Tramp, ölkədə baş verən hücumları sərhəd problemləri və zəif liderliklə əlaqələndirərək bildirib ki, ABŞ bütün dünyanın gülüş obyektinə çevrilib.
TurkicWorld xəbər verir ki, Tramp "Truth Social" sosial media hesabında paylaşdığı açıqlamada ABŞ-da baş verən hadisələrlə bağlı Demokratları və dövlət məmurlarını tənqid edib.
"Ölkəmiz bütün dünyada fəlakət, gülüş obyektidir. Sərhədlər açıqdır, liderlik isə təsirsiz və demək olar ki, mövcud deyil. Belə olduğu halda bu baş verəcəkdi." - deyə bildirib.
Tramp əlavə edib ki, demokratlar belə bir vəziyyətin ABŞ-da baş verməsinə icazə verdikləri üçün utanmalıdırlar.
O, ölkədə baş verən son hücumlarda Co Bayden administrasiyasını birbaşa günahlandırıb və Baydeni sərhəd siyasətində zəiflik göstərməkdə ittiham edib.
Qeyd edək ki, yeni ilin ilk saatlarında Yeni Orleanda, məşhur Burbon küçəsində baş verən hücum ölkəni sarsıdıb. Bir avtomobil izdihamın üzərinə sürülüb, nəticədə 10 nəfər həlak olub, ən azı 35 nəfər yaralanıb.
Polis açıqlayıb ki, hücum edən şəxs hadisə yerində atışma zamanı öldürülüb.
ABŞ rəsmiləri açıqlayıb ki, hücum edən şəxs 42 yaşlı ABŞ vətəndaşı, Texas əyalətindən olan keçmiş hərbçi "Şəmsud Din Cabbar" olub. Onun son vaxtlar radikallaşdığı və travma sonrası stress pozuntusundan əziyyət çəkdiyi bildirilir.
Həmçinin, yeni ilin ilk günündə Las-Veqasda Tramp otelinin qarşısında partlayış baş verib. Tesla markalı avtomobilin partlaması nəticəsində 1 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.
Partlayışın səbəbləri ilə bağlı araşdırmalar davam edir. İlkin məlumatlara görə, partlayış təsadüfi qəza kimi görünmür və hadisənin terror aktı olması ehtimal edilir.