Bakı, TurkicWorld
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyanın şimalındakı Ayn əl-Ərəb (Kobani) bölgəsində yeni hərbi baza tikilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
TurkicWorld xəbər verir ki, Pentaqonun sözçüsü Sabrina Sinq bildirib ki, hazırda bölgədə ABŞ hərbçilərinin mövcudluğu yoxdur və belə bir planın reallaşdırılması nəzərdə tutulmur.
O vurğulayıb ki, ABŞ-ın Suriyadakı mövcudluğu yalnız İŞİD-i tam məğlub etmək məqsədi daşıyır və hazırda Ayn əl-Ərəb bölgəsində ABŞ hərbçilərinin yerləşdirilməsi ilə bağlı hər hansı qərar və ya fəaliyyət yoxdur.
Pentaqon nümayəndəsi həmçinin ABŞ-da Yeni Orleanda avtomobil hücumu və Las Veqasda Tesla partlayışı ilə bağlı Müdafiə Nazirliyinə heç bir rəsmi dəstək tələbinin daxil olmadığını qeyd edib.
Jurnalistlərin hər iki hadisədə şübhəli şəxslərin ABŞ ordusunun keçmiş üzvləri olması ilə bağlı suallarını cavablandıran Sinq qeyd edib ki, Müdafiə Nazirliyi lazım gəldikdə istintaq orqanlarına hərbi sənədlərlə dəstək verə bilər:
O, həmçinin psixi sağlamlıq məsələsinə toxunaraq qeyd edib ki, ABŞ ordusu personalının əksəriyyəti vəzifələrini şərəflə yerinə yetirir. Sinq əlavə edib ki, Müdafiə Nazirliyi hərbi personalın psixoloji dəstək almasını da təşviq edir.
Pentaqonun sözçüsü Suriyada zorakılığın dayandırılmasını vacib hesab etdiklərini vurğulayıb. ABŞ-ın Suriyanın ərazi bütövlüyü və siyasi sabitlik prosesini dəstəklədiyini bildirən Sinq əlavə edib ki, bu yalnız İŞİD və digər terror qruplaşmalarının tamamilə məhv edilməsi ilə mümkün ola bilər.