BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Venesuela parlamenti ölkənin neft tankerlərinə qarşı həyata keçirilən blokadaya qarşı qanun qəbul edib.
TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, sənəd neft tankerlərinə yönəlmiş təzyiq və məhdudiyyətlərin qarşısını almağı, həmçinin Venesuelanın dənizdə sərbəst hərəkət və ticarət hüquqlarını qorumağı nəzərdə tutur.
Qanun layihəsi parlamentdə səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib. Sənəddə qeyd olunur ki, beynəlxalq hüquqa zidd şəkildə həyata keçirilən blokada və buna dəstək verən şəxslər cinayət məsuliyyəti daşıyacaq.
Venesuela parlamentinin rəhbərliyi bəyan edib ki, ölkənin neft daşımalarına qarşı atılan addımlar dəniz quldurluğu xarakteri daşıyır və dövlət bu cür hallara hüquqi müstəvidə cavab verəcək.
Qeyd edək ki, qanun ABŞ-nin Venesuelaya qarşı sanksiyalar fonunda Karib dənizində bəzi neft tankerlərinə müdaxilə etməsindən sonra qəbul olunub







