Son dəqiqə

Azərbaycan Türkiyə İqtisadiyyat Nazirliyi Bakı Azərbaycan-Türkiyə əlaqələri Zəngəzur dəhlizi Ankara Orta Dəhliz Zəngəzur dəhlizi əhəmiyyəti Səməd Bəşirli

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi yeni investisiya mərhələsinə yüksəlir - Səməd Bəşirli

BAKI, TurkicWorld, Fərid Mikayılov

Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxış edərək Azərbaycan–Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsində inkişaf etdiyini bildirib.

TurkicWorld xəbər verir ki, onun sözlərinə görə, Azərbaycan və Türkiyə xalqlarını ortaq tarix, mədəniyyət və dərin qardaşlıq bağları birləşdirir.

Dövlət başçılarının siyasi iradəsi və birgə səyləri nəticəsində ikitərəfli əlaqələr bütün istiqamətlər üzrə möhkəmlənib və bu proses ölkələrin iqtisadiyyatlarına mühüm töhfə verir.

Nazir müavini qeyd edib ki, Azərbaycanın artan nəqliyyat-tranzit imkanları və Orta Dəhliz çərçivəsində həyata keçirilən regional və qlobal layihələr Türkiyə ilə iqtisadi tərəfdaşlıq üçün yeni perspektivlər açır. Orta Dəhlizin rəqəmsal həllərlə gücləndirilməsi və ticarətin asanlaşdırılması üzrə atılan addımlar həm region, həm də beynəlxalq daşımalar baxımından əhəmiyyətlidir.

Səməd Bəşirli vurğulayıb ki, yaxın illərdə illik buraxılış qabiliyyəti 25 milyon tona çatacaq Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, doqquz beynəlxalq hava limanı və regionun ən böyük yük aviaşirkətinin fəaliyyəti Azərbaycanı mühüm beynəlxalq nəqliyyat qovşağına çevirib. Gələcəkdə Zəngəzur dəhlizinin açılması isə beynəlxalq tranzit imkanlarını daha da genişləndirəcək.

Çıxışda bildirilib ki, Türkiyə Azərbaycanın əsas ticarət və ixrac tərəfdaşlarından biridir. Preferensial Ticarət Sazişi ikitərəfli ticarətin genişlənməsi üçün əlverişli institusional baza yaradır və mövcud potensialın reallaşdırılması forumun əsas məqsədlərindən biridir.

Enerji əməkdaşlığına toxunan Səməd Bəşirli bu sahədə tərəfdaşlığın artıq regional çərçivədən kənara çıxdığını bildirib. Onun sözlərinə görə, həyata keçirilən enerji layihələri enerji təhlükəsizliyinə və bazarların şaxələndirilməsinə xidmət edir, xüsusilə “yaşıl enerji” sahəsində yeni investisiya imkanları formalaşır.

Nazir müavini qeyd edib ki, Türkiyə şirkətləri Azərbaycanda elektrotexnika, əczaçılıq, qida sənayesi, kənd təsərrüfatı və tikinti materialları da daxil olmaqla müxtəlif sahələrdə fəal iştirak edir, yeni iş yerlərinin yaradılmasına və ixracyönümlü istehsalın inkişafına töhfə verir. Türkiyəli investorlar Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində də ən fəal tərəfdaşlar sırasındadır.

O, həmçinin vurğulayıb ki, sənaye zonalarında tətbiq olunan vergi və gömrük güzəştləri, eləcə də Ələt Azad İqtisadi Zonasının yaratdığı imkanlar Azərbaycan–Türkiyə sənaye əməkdaşlığının real iqtisadi nəticələr verməsinə şərait yaradır.

Çıxışda Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, qeyri-neft ixracının son altı ildə iki dəfə artması və ölkənin suveren kredit reytinqinin “Fitch Ratings” və “Moody’s Ratings” tərəfindən investisiya dərəcəsinə yüksəldilməsi də xüsusi qeyd olunub. Bildirilib ki, bu göstəricilər Azərbaycanın makroiqtisadi sabitliyinə beynəlxalq etimadın artdığını və ölkənin uzunmüddətli investisiyalar üçün cəlbediciliyini nümayiş etdirir.

Mövzuya görə xəbərlər