Böyük Britaniya hökuməti İsrailə silah tədarükünü dayandırmalıdır

Böyük Britaniya hökuməti İsrailə silah tədarükünü dayandırmalıdır

Bakı. TurkicWorld:

Böyük Britaniya hökuməti İsrailə silah tədarükünü dayandırmalıdır.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Şotlandiyanın Baş naziri Həmzə Yusuf Böyük Britaniyanın İsrailin Qəzzanı işğalı ilə bağlı mövqeyini tənqid edib.

Oktyabrın 7-dən sonra Qərbdə atəşkəs çağırışı edən ilk liderlərdən biri olduğuna diqqət çəkən Yusuf, İngiltərənin baş naziri Rişi Sunak və ana müxalifət İşçi Partiyası lideri Keir Starmer başda olmaqla, ölkənin müxtəlif siyasi xadimlərinə məktublar yazdığını vurğulayıb.

“Qərbin Qəzzadakı vəziyyətə reaksiyasına baxsaq, biz mənəvi nüfuzumuzu itirmişik. Qəzzada hədəfə alınan uşaqlar heç bir cinayət törətməyiblər. Beynəlxalq ictimaiyyət olaraq Qəzzada dərhal atəşkəsin təmin edilməsi üçün əlimizdən gələni etməliyik” – deyə baş nazir deyib.

Ramazan ayında "İsrailin işğala başlamaq təhdidinin kütləvi qırğınlara səbəb olacağını" ifadə edən Yusuf, İsrailə silah tədarükünün doğru olmadığını və İngiltərə hökumətinin onu dinləyəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 min fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

Hafiz Rufizoğlu