İsrail İran Qətər Qəzza HƏMAS Oman Hörmüz boğazı Macid əl-Ənsari

Qətər İranla razılaşmanın və Qəzzada atəşkəsin icrasının sürətləndirilməsinə çağırıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qətər Hörmüz boğazı ilə bağlı İran və Oman arasında aparılan danışıqların yekunlaşdırılmasını və Qəzzada atəşkəs razılaşmasının həyata keçirilməsini dəstəklədiyini bildirib.

TurkicWorld xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin həftəlik mətbuat brifinqində nazirliyin sözçüsü Macid əl-Ənsari İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqların irəliləmiş mərhələyə çatdığını və "kritik nöqtədə" olduğunu açıqlayıb.

Əl-Ənsari bildirib ki, Qətər vasitəçi ölkə kimi əsas diqqətini su yolunun mümkün qədər tez açılmasına yönəldib və istənilən gecikmədən narahatdır.

Qətər rəsmisi Körfəz ölkələrinin ümumi tələbinin Hörmüz boğazında vəziyyətin müharibədən əvvəlki vəziyyətə qaytarılması və sərbəst gəmiçiliyin təmin olunması olduğunu qeyd edib.

Onun sözlərinə görə, strateji su yolu siyasi təzyiq vasitəsinə çevrilməməlidir.

Əl-Ənsari Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında müdafiə əməkdaşlığı ilə bağlı razılaşmaya da münasibət bildirib.

O, Qətərin təhlükəsizlik və müdafiəni gücləndirən istənilən regional əməkdaşlığı müsbət qarşıladığını və yaxşı qonşuluq prinsiplərinə əsaslanan müdafiə çərçivələrini dəstəklədiyini deyib.

Qətər rəsmisi Qəzzadakı vəziyyətə toxunaraq, HƏMAS-ın son açıqlamasından sonra müəyyən irəliləyiş əldə olunduğunu bildirib və hazırda məsuliyyətin İsrail tərəfinin üzərinə düşdüyünü qeyd edib.

Əl-Ənsari İsrailin prosesi uzatmaq siyasəti həyata keçirdiyini iddia edib və beynəlxalq ictimaiyyəti razılaşmanın icrasına təzyiq göstərməyə çağırıb.

Mövzuya görə xəbərlər