BAKI,TurkicWorld,Yusif Şərifzadə
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bölgədə artan gərginliyin yenidən genişmiqyaslı müharibəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
TurkicWorld xəbər verir ki, Kaya Kallas bu fikirləri Nikosiya şəhərində keçirilən Avropa İttifaqının müdafiə nazirlərinin toplantısı çərçivəsində təşkil olunan mətbuat konfransında səsləndirib.
O bildirib ki, bölgədə mövcud vəziyyət olduqca həssasdır və hazırda sülh danışıqları ilə kövrək atəşkəs mərhələləri arasında qeyri-müəyyən vəziyyət yaranıb.
Kaya Kallasın sözlərinə görə, münaqişənin yenidən genişmiqyaslı hərbi qarşıdurmaya çevrilməsi bütün region üçün ağır nəticələr doğura bilər.
“Bu münaqişə yenidən tammiqyaslı müharibəyə çevrilərsə, bunun bütün region üçün çox ağır bədəli olacaq”, – deyə o vurğulayıb.
Avropa İttifaqının rəsmisi bütün tərəfləri gərginliyi azaltmağa və siyasi həll yollarının tapılması üçün diplomatik səyləri gücləndirməyə çağırıb.
Kallas qeyd edib ki, davamlı sabitliyin təmin olunması üçün dialoq və danışıqlar yeganə çıxış yolu olaraq qalır.
“Bütün tərəflər yenidən danışıqlar masasına qayıtmalıdır”, – deyə o əlavə edib.






