BAKI,TurkicWorld
May ayının 1-də Azərbaycanda ilk dəfə şahmat məktəbi + basketbol meydançası birlikdə olan xüsusi ixtisaslaşmış Mərkəzin açılış mərasimi baş tutub.
TurkicWorld xəbər verir ki,layihə Qusar rayonunda İsfa Sporting İdman Klubu tərəfindən reallaşdırılıb. Layihənin həyata keçirilməsinə Qusar Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi dəstək göstərilib.
Qusar rayonunda İsfa Sporting İdman Klubu tərəfindən reallaşdırılan layihənin açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, həmçinin bir sıra dövlət qurumlarının və özəl müəssisələrin rəsmi nümayəndələri iştirak ediblər. “Layihənin həyata keçirilməsinə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov tərəfindən xüsusi dəstək və diqqət göstərilib.”
Tədbirdə çıxış edənlər ölkədə idmanın, xüsusilə şahmatın inkişafına göstərilən diqqət və qayğını vurğulayaraq, yeni yaradılan məktəbin gənclərin intellektual inkişafında mühüm rol oynayacağını bildiriblər.
Qeyd olunub ki, 300 nəfərlik istifadəçi tutumuna malik olan Şahmat Məktəbi regionda bu idman növünə marağın artırılmasına, istedadlı uşaqların üzə çıxarılmasına və onların peşəkar səviyyədə hazırlanmasına töhfə verəcək. Mərkəzdə yaradılan imkanlar sayəsində iştirakçılar həm zehni düşünmə qabiliyyətlərini inkişaf etdirəcək, həm də fiziki hazırlıqlarını gücləndirəcəklər.
Mərasim çərçivəsində qonaqlar məktəbdə yaradılan şəraitlə tanış olub, gələcək fəaliyyət istiqamətləri barədə məlumatlandırılıblar.
Qeyd edək ki, Şahmat Məktəbində yaradılmış şəraitlə bir çox rəsmi şəxslər; gənclər və idman naziri Fərid Qayıbov, sabiq təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov və s. şəxslər tanış olublar.







