BAKI,TurkicWorld, Fərid Mikayılov
ABŞ-da miqrasiya məhkəməsi Tufts Universitetinin doktorantı Rümeysa Öztürk barəsində aparılan deportasiya prosesini hüquqi əsasların olmaması səbəbilə dayandırıb.
TurkicWorld xəbər verir ki, miqrasiya üzrə hakim ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin Öztürkün deportasiya edilə biləcəyini sübut edə bilmədiyi qənaətinə gələrək, işə xitam verilməsi barədə qərar qəbul edib.
Öztürkün vəkilləri bu qərarı təsdiqləyən sənədləri federal məhkəməyə təqdim ediblər.
Məlumata görə, miqrasiya məhkəməsi deportasiya prosesində sübut yükünün hökumət tərəfində olduğunu vurğulayıb və bu yükün yerinə yetirilmədiyini əsas gətirib. Bununla da Rümeysa Öztürk barəsində aparılan bütün deportasiya prosedurları dayandırılıb.
Öztürk Amerika Vətəndaş Azadlıqları Birliyi vasitəsilə yaydığı açıqlamada bildirib ki, bu qərar ABŞ hökuməti tərəfindən haqsızlığa məruz qalan digər şəxslər üçün də ümid mənbəyi ola bilər. O, yaşananların geri qaytarıla bilməyəcəyini qeyd etsə də, qərarın gec də olsa ədalətin təmin edildiyini göstərdiyini vurğulayıb.
Öztürkün vəkillərindən Mahsa Khanbabai bildirib ki, Tramp administrasiyası dövründə miqrasiya sistemi akademiklər də daxil olmaqla cəmiyyətin müxtəlif üzvlərinə qarşı təzyiq alətinə çevrilib.
ABŞ senatoru Ed Markey də sosial şəbəkədə paylaşdığı açıqlamada qərarı müsbət qiymətləndirərək, işin başlanğıcdan etibarən əsassız olduğunu bəyan edib.
Qeyd edək ki, Massaçusets ştatında yerləşən Tufts Universitetində doktorantura təhsili alan Rümeysa Öztürk 25 mart 2025-ci il tarixində dostları ilə iftara gedərkən üzləri maskalı altı Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin əməkdaşı tərəfindən saxlanılmışdı.
Daha sonra ABŞ dövlət katibi Marko Rubio Öztürkün tələbə vizasının ləğv edildiyini və deportasiya ediləcəyini açıqlamışdı. O, İsrail əleyhinə mövqeləri ilə seçilən yüzlərlə xarici tələbənin vizalarının da eyni qaydada ləğv edildiyini bildirmişdi.
ABŞ federal hakimi Denise Casper isə Öztürkün deportasiyasının müvəqqəti dayandırılması barədə qərar vermişdi. Tufts Universiteti də tələbəsinin azadlığa buraxılması üçün məhkəməyə müraciət edərək, bu hadisənin universitetin beynəlxalq akademik mühitinə ciddi zərbə vurduğunu bəyan etmişdi.







