BAKI,TurkicWorld, Orxan Qədirzadə
XX əsrin əvvəllərində ABŞ-ın iqtisadi və siyasi kursunu ifadə edən ən məşhur tezislərdən biri “ABŞ-nin işi biznesdir” fikri olub.
Bu ifadə ABŞ-ın 30-cu prezidenti Kalvin Kulicə məxsusdur və sonradan Amerika kapitalizminin qeyri-rəsmi ideoloji şüarına çevrilib. Kulic bu fikri 1925-ci ildə, sənaye və maliyyə elitası qarşısında etdiyi çıxışda səsləndirib. Onun yanaşmasına görə, ABŞ cəmiyyətinin əsas hərəkətverici qüvvəsi dövlət deyil, özəl sektor, sahibkarlıq təşəbbüsü və bazar mexanizmləridir.
Kalvin Kulic prezidentliyi dövründə (1923–1929) dövlətin iqtisadiyyata müdaxiləsini minimuma endirməyi, vergiləri azaltmağı və biznes üçün əlverişli mühit yaratmağı əsas prioritet kimi müəyyənləşdirib. Onun fikrincə, iqtisadi azadlıq siyasi sabitliyin və milli gücün əsas təminatçısıdır. Məhz bu yanaşma ABŞ-da “kiçik dövlət – böyük biznes” modelinin formalaşmasında mühüm rol oynayıb.
Tarixçilərin qənaətincə, Kulicin “ABŞ-nin işi biznesdir” tezisi təkcə iqtisadi baxış deyil, həm də dövrün geosiyasi reallıqlarına uyğun bir strategiya idi. Birinci Dünya müharibəsindən sonra ABŞ Avropadan fərqli olaraq özünü qlobal istehsal və maliyyə mərkəzi kimi təqdim etməyə başlamışdı. Biznesin təşviqi isə Amerikanın dünya iqtisadiyyatında lider mövqeyini möhkəmləndirirdi.
Lakin bu siyasət birmənalı qarşılanmayıb. Tənqidçilər bildirirlər ki, dövlət nəzarətinin zəiflədilməsi sosial bərabərsizliyi dərinləşdirib və 1929-cu il Böyük Depressiyasına aparan yolun ideoloji əsaslarını gücləndirib. Buna baxmayaraq, Kulicin yanaşması ABŞ siyasi düşüncəsində dərin iz buraxıb və sonrakı onilliklərdə dəfələrlə istinad edilən konsepsiyaya çevrilib.
Bu gün də “ABŞ-nin işi biznesdir” ifadəsi Amerikanın iqtisadi fəlsəfəsini izah edən simvolik cümlə kimi tarix dərsliklərində və siyasi təhlillərdə öz aktuallığını qoruyur.







