Bakı,TurkicWorld
Alman avtomobil şirkəti Volkswagen və işçi nümayəndələri arasında xərclərin azaldılması tədbirləri ilə bağlı uzun sürən danışıqlar cümə günü uzlaşma ilə başa çatıb.
TurkicWorld xəbər verir ki, hər iki tərəf razılaşmanı qələbə kimi görsə də, nəticədə on minlərlə işçi işini itirəcək.
Şirkət Almaniyadakı obyektlərdə texniki avtomobil tutumunu 700 mindən çox azaldacaq.
"Bunlar çətin, eyni zamanda gələcəyimiz üçün vacib qərarlardır",- deyə bildirilib.
Volkswagen İşçi Şurasının sədri Daniela Kavallo razılaşmanı müsbət qiymətləndirib.
Kavallonun sözlərinə görə, rəhbərliklə müqaviləyə 2030-cu ilin sonuna qədər iş təhlükəsizliyi daxildir.
Mövzu ilə bağlı Almaniya kansleri Olaf Scholz da fikir bildirib.
"Volkswagen işçiləri üçün bu asan vaxt deyil",- deyə kansler vurğulayıb.
Volkswagen rəhbərləri deyirlər ki, Almaniyada yüksək əmək xərcləri, Çindən gələn sərt rəqabət və elektriklə işləyən avtomobillərə keçiddəki çətinliklər Avropanın ən böyük avtomobil istehsalçısının məyusedici maliyyə nəticələrinə səbəb olub.