Bakı. TurkicWorld:
Çay nənəsi - türk və Azərbaycan mifologiyasında su ilə bağlı mifik varlıqdır. Gözəl yaşlı qadın cildindədir. Onun yerə çatacaq qədər uzun qara və ya sarı saçları var, qaşı yoxdur. Onun gözləri qara və böyük, dərisi qırmızımtıldır. Darağı qızıl və ya gümüş rəngdədir.
Çay nənəsi azərbaycanlıların ənənəvi demonoloji (şeytani ruhlarla bağlı) inanclarında su mərasimi ilə bağlı olan mifik varlıqdır. Onunla bağlı inanclar Hal ruhu ilə əlaqədardır. Həmçinin mifoloji inanclarda Hal anasının Çay nənəsi adlandırılmasına da rast gəlinir. Digər bir fikrə görə isə Çay nənəsi türk mifologiyasındakı Su Ananın regional adlarından biridir.
Azərbaycanlıların inanclarına görə, Çay nənəsi çayda və ya su kənarlarında yaşayır. Əgər suyun üstündəki körpüdən keçərkən insan suya çox baxarsa, o, əsəbləşir və insanı boğmaq üçün başını döndürür. Başı dönən insanın gözləri qaralır və çaya düşür.
Qədim türk inanclarında Çay nənəsi ona qarşı hörmətsizlik eləyənlərə pis davranardı. Belələrini suya salar və ölümünə səbəb olardı. Buna görə də azərbaycanlılarda və digər türk boylarında suya çox baxılmaz. Bundan başqa Çay nənəsi su kənarlarında saçlarını qızıl və ya gümüş daraqla dararkən insanlar tərəfindən görüləndə insanlardan qorxaraq suya atılar.
Mifoloji inanca görə azərbaycanlılar, səhər erkən saatlarda dərəyə gedəndə suyun sahibi olan varlığa salam verməyi vacib hesab edərlər. Yoxsa, o, əsəbləşər. Həmçinin suya zibil atanda Çay nənəsi hirslənər və insanlara ziyan verər.