Bakı,TurkicWorld
Sudanın xarici işlər naziri Əli Yusuf, Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi altında Sudan xalqına və hökumətinə qarşı "səxavətli və müsbət mövqe" nümayiş etdirdiyini bildirib.
TurkicWorld xəbər verir ki, Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında hərbi islahatlar və inteqrasiya ilə bağlı fikir ayrılıqları səbəbindən başlayan münaqişələr 15 aprel 2023-cü ildən davam edir.
Belə ki, münaqişələr nəticəsində 20 mindən çox insan həyatını itirib,3 milyondan çox insan ölkəni tərk edib, 9 milyona yaxın insan ölkə daxilində didərgin düşüb,25 milyondan çox insan isə humanitar yardıma ehtiyac duyur.
Münaqişələr ölkənin iqtisadiyyatına, təhsil və səhiyyə sisteminə də ağır zərbə vurub. Bütün həll cəhdləri, o cümlədən Səudiyyə Ərəbistanında imzalanan “Ciddə Bəyannaməsi,” nəticəsiz qalıb. Yusuf HDK-nın bu razılaşmanın qərarlarına əməl etmədiyini vurğulayıb.
Nazir Yusuf, Türkiyə ilə Sudan arasında əsrlər boyu davam edən tarixi əlaqələrin güclü olduğunu və Türkiyənin hər zaman Sudanın suverenliyinə dəstək verdiyini bildirib.
O, Prezident Ərdoğanın dekabrın 13-də Sudan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı mübahisələrin həlli üçün vasitəçilik təklifi ilə çıxış etməsinə diqqət çəkərək, bu təşəbbüsün Sudan üçün əhəmiyyətli və müsbət nəticələr doğuracağını söyləyib. Yusuf, Türkiyənin Efiopiya ilə Somali arasında uğurlu vasitəçilik təcrübəsindən sonra bu təşəbbüsün də uğur qazanacağına ümid etdiyini ifadə edib.
Nazir həmçinin Sudanın hazırda ciddi bir sui-qəsdlə qarşı-qarşıya olduğunu və bu mübarizəni "Şərəf Döyüşü" kimi qiymətləndirdiklərini vurğulayaraq, münaqişənin ölkənin varlığını və kimliyini hədəf aldığını bildirib.