BAKI, TurkicWorld
Texas-Türkiyə Biznes Forumu Hyustonda baş tutub və iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına töhfə vermək məqsədilə mühüm razılaşmalar əldə edilib.
TurkicWorld Azervoice-a istinadən xəbər verir ki, forum Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-ABŞ İş Şurasının (TAİK) təşkilatçılığı ilə keçirilib. Tədbirdə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, TAİK prezidenti Murat Özyeğin, Böyük Hyuston Tərəfdaşlığının (GHP) baş icraçı direktoru Stiv Kin və ABŞ Ticarət və İnkişaf Agentliyinin direktoru Tomas Hardin iştirak ediblər.
Forum çərçivəsində TAİK və GHP arasında ticarət və iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədilə Anlaşma Memorandumu imzalanıb. Sənəd Texas və Türkiyə arasında ticarət həcminin artırılması və sənaye əməkdaşlığının genişləndirilməsini hədəfləyir.
Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar çıxışında iki ölkə arasında enerji sahəsində strateji əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, LNG ticarətinin artması, bərpa olunan enerji sərmayələri və texnologiyaya yönəlmiş layihələr bu əməkdaşlığın əsas istiqamətlərindəndir.
TAİK prezidenti Murat Özyeğin forumun enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və yeni investisiya imkanlarının qiymətləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyə və ABŞ arasında 100 milyard dollarlıq ticarət hədəfinə çatmaq üçün Türk şirkətləri ABŞ-a investisiyalarını artırmağı planlaşdırır.
Tədbirdə enerji sektorundakı mövcud inkişaflar, enerji transformasiyası və bərpa olunan enerji mənbələri ilə bağlı müzakirələr aparılıb. Forum çərçivəsində 100-dən çox ABŞ və Türkiyə şirkətinin iştirakı ilə "Enerji" paneli təşkil edilib.