BAKI, TurkicWorld
Türkiyənin məşhur sənətçisi Edip Akbayram 29 dekabr 1950-ci ildə Türkiyənin Qaziantep şəhərində dünyaya gəlib. Cəmi doqquz aylıq olarkən poliomielit xəstəliyinə yoluxub və uşaqlıq illərində sağlamlıq problemləri yaşayıb. Ancaq musiqiyə olan böyük həvəsi onu sənət dünyasına yönləndirib.
Musiqi karyerasına məktəb illərində qurduğu orkestr ilə başlayan Akbayram, 1971-ci ildə "Qızıl Mikrofon" müsabiqəsində Aşık Veysəlin "Kükredi Çimenler" əsəri ilə birinci yerə layiq görülüb. 1974-cü ildə Dostlar Orkestrini quraraq Anadolu rock və xalq musiqisinin önəmli simalarından birinə çevrilib.
O, "Kara Kuzu", "Dəniz Üstü Köpürür" və "Garip" kimi mahnıları ilə böyük mükafatlara layiq görülüb. "Aldırma Gönül" və "Eşkiya Dünyaya Hükümdar Olmaz" mahnıları isə satış rekordları qırıb.
Sənətçi 1979-cu ildə Aytən Akbayramla ailə həyatı qurub. Bu evlilikdən Türkü və Ozan adlı iki övladı var.
İstanbulun Moda bölgəsində yaşayan Edip Akbayram, buranı öz cənnəti kimi təsvir edirdi. O, həyatının böyük hissəsini burada keçirib və bu bölgənin onun üçün xüsusi yer tutduğunu vurğulayırdı.
Usta sənətçi uzun illər boyu musiqi dünyasında iz qoyaraq onlarla albom buraxıb. Onun bəzi önəmli albomları:
"May" (2012)
"Deyə bilmədiyim şeylər" (2008)
"İlk gün kimi" (1999)
"Türküler Yanmaz" (1994)
"Dostlar" seriyası (1984-1985)
"Edip Akbayram" (1974) və s.
Usta sənətçi son dönəmlər sətəlcəm xəstəliyindən əziyyət çəkirdi və daxili qanaxma səbəbilə Haydarpaşa Nümunə Təhsil və Araşdırma Xəstəxanasında reanimasiyaya yerləşdirilmişdi. Yanvarın 4-dən müalicə alan Akbayram martın 2-də, saat 19:30-da çoxlu orqan çatışmazlığı səbəbindən vəfat edib.
Martın 4-də keçirilən vida və dəfn mərasimi İstanbulda baş tutub. Sənətçi Cemal Reşit Rey Konsert Salonunda saat 11:00-da anılıb və Üsküdardakı Karacaahmet qəbiristanlığında torpağa tapşırılıb.
Onun itkisi Türkiyə musiqi dünyasında böyük boşluq yaradıb. Usta sənətçinin mahnıları və sənəti daim yaddaşlarda qalacaq.