Son dəqiqə

AZAL

Rusiya raketi Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğramasına səbəb olub – Euronews

Bakı, TurkicWorld

İlkin məlumatlara görə, Rusiya raketi Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğramasına səbəb olub.

TurkicWorld xəbər verir ki, bu barədə "Euronews" öz mənbələrinə istinadən xəbər verir.

"Euronews" bildirir ki, "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasına məhz Rusiyanın "yer-hava" raketi səbəb olub. Mənbələrin məlumatına görə, raket Qroznı səmasında pilotsuz uçan aparatların olduğu zaman 8432 nömrəli reysə atılıb.

"Raket uçuş zamanı təyyarənin yaxınlığında partlayıb və onun parçaları sərnişinlərə və ekipaj üzvlərinə dəyib", - deyə mənbələr bildirir.

Həmçinin bildirilir ki, təyyarənin GPS naviqasiya sistemləri dəniz üzərindən bütün marşrut boyunca çalışmayıb.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəza nəticəsində ümumilkdə 38 nəfər həlak olub. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır.

Mövzuya görə xəbərlər