Son dəqiqə

AZAL

İtaliyanın Bakıdakı səfirliyi Aktauda baş verən təyyarə qəzasında həlak olanların xatirəsinə bayrağı endirib

Bakı, TurkicWorld

İtaliyanın Bakıdakı səfirliyində ölkənin dövlət bayrağı Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə endirilib.

TurkicWorld xəbər verir ki, bu barədə İtaliyanın Bakıdakı səfirliyi "X" sosial şəbəkə hesabında paylaşım edib.

"İtaliyanın Bakıdakı səfirliyində bayraqlar Azərbaycan xalqı ilə həmrəylik əlaməti olaraq endirilib. Düşüncələrimiz və dualarımız bu faciəli təyyarə qəzasında həlak olanların və onların ailələrinin yanındadır", – deyə paylaşımda bildirilir.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.

Mövzuya görə xəbərlər