Zəngəzur dəhlizinin açılması bölgədə sülhün iqtisadi zəmanəti olacaq - Musa Quliyev

Zəngəzur dəhlizinin açılması bölgədə sülhün iqtisadi zəmanəti olacaq - Musa Quliyev

Bakı, TurkicWorld:

Zəngəzur dəhlizinin açılması bölgədə sülhün iqtisadi zəmanəti olacaq.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

“Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri olduqca tarixi və siyasi əhəmiyyətə malikdir. Bu, təkcə Türkiyə və Azərbaycan üçün deyil, həm də bütün dünya üçün vacib səfərdir. Səfər çərçivəsində bir sıra strateji məsələlər müzakirə olundu. Görüş zamanı kommunikasiyaların açılması, xüsusilə Zəngəzur koridoru ilə bağlı cənab prezident İlham Əliyevin söylədiyi fikirlər bütün tərəddüdləri aradan qaldırır. Bu fikir təkcə Azərbaycan və Türkiyə ictimaiyyəti üçün deyil, Ermənistan və onun himayədarları başda olmaqla bütün dünya ölkələri üçün səsləndi. Cənab prezidentin bəyanatlarından da aydın oldu ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır və Ermənistanla sülh müqaviləsinin əsas şərtlərindən biridir”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılmasından sonra Azərbaycan ərazisindən Böyük İpək Yolunun şaxələnməsi mümkün olacaq.

“Birinci mərhələ yenə də Azərbaycan Prezidetinin təşəbbüsü ilə Bakı-Tiblisi-Qars dəmiryolunun açılması idi, ikinci mərhələ isə Zəngəzur dəhlizindən keçərək oradan Naxçıvana, oradan Qarsa, Qars üzərindən Türkiyəyə və Avropaya şərqdən gələn malları çatdıracaq. Eyni zamanda, bu dəhliz vasitəsilə Avropadan gələn mal və sərnişinlər şərq ölkələrinə çatdırılacaqdır. Beləliklə, Azərbaycan yeni logistik məkan kimi dünya ticarəti və iqtisadiyyatının mərkəzinə çevriləcək”, - deyə M.Quliyev əlavə edib.

Millət vəkilinin sözlərinə görə, cənab Ərdoğanın bu səfəri, səfər zamanı söylənilən fikirlər, heç şübhəsiz ki, dünya ictimaiyyəti üçün də maraqlıdır.

“Səfər çərçivəsində dövlət başçıları tərəfindən səsləndirilən fikirlər bir daha göstərir ki, Azərbaycan və Türkiyə qardaş dövlət olmaqla yanaşı, həm də bölgənin titul ölkələridir”, - deyə M.Quliyev bildirib.

O, hesab edir ki, Ermənistanda da bu səfəri ciddi izləyirlər və yaxşı olardı ki, doğru nəticə çıxararaq tezliklə sülh müqaviləsi bağlamağa hazır olsunlar.

Qeyd edək ki, 13 iyun tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və yeni hökumətin üzvləri Azərbaycana səfər edib.

Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və prezident Ərdoğan birgə mətbuata bəyanatla çıxış ediblər.

"Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Biz bu istiqamətdə öz səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək”, - deyə Azərbaycan Prezidenti bildirib.

Çıxış zamanı R.T.Ərdoğan, Zəngəzur dəhlizi ilə bağlı məsələləri sürətli həll edilməli olduğunu bildirib.

Ləman Əsədli
Lamanasadli01