BAKI,TurkicWorld
Qazaxıstanın "Beeline" şirkəti "Starlink mobile" ilə birgə, Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin dəstəyi ilə direct to cell ("birbaşa mobil telefona") texnologiyası əsasında peyk mobil rabitəsini istifadəyə verib.
Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu texnologiya yerüstü mobil rabitə əhatəsindən kənarda smartfon vasitəsilə müəyyən rabitə xidmətlərindən istifadə etməyə imkan verəcək.
"Texnologiya uyğun smartfonun xüsusi peyk telefonu, xarici anten və ya əlavə avadanlıq olmadan "Starlink mobile" peyklərinə (direct to cell) birbaşa qoşulmasını təmin edir. İstifadəçilər yerüstü mobil şəbəkənin tamamilə olmadığı ərazilərdə mesaj göndərib qəbul edə, həmçinin əsas internet xidmətlərindən yararlana biləcəklər. "Beeline" Qazaxıstan müştəriləri üçün xidmət tanıtım dövründə pulsuz olacaq", - deyə məlumatda qeyd olunub.
"Starlink" mobil rabitəsinin tətbiqi Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 2025-ci ildə ABŞ-yə rəsmi səfəri zamanı əldə olunmuş razılaşmaların nəticəsi olub. Həmin ilin noyabrında nazirlik və "Beeline" Qazaxıstan direct to cell texnologiyasının tətbiqi üzrə əməkdaşlığa dair memorandum imzalayıb, dekabr ayında isə ilk praktiki sınaqlar keçirilib.







