Astana. TurkicWorld:
Qazaxıstan ölkənin nəqliyyat sektorunun rəqəmsallaşdırılmasını davam etdirərək Azərbaycan, Türkiyə və Qırğızıstan ilə elektron nəqliyyat icazələri sistemini tətbiq edib.
TurkicWorld-un Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, yenilik beynəlxalq daşımalar prosedurlarının sadələşdirilməsi və ənənəvi kağız icazələrin tam rəqəmsal formatla əvəz olunması hesabına inzibati maneələrin azaldılmasına yönəlib.
İcazələr artıq iştirakçı ölkələrin inteqrasiya olunmuş informasiya sistemləri vasitəsilə rəsmiləşdirilir və istifadə olunur.
Nəqliyyat şirkətləri xidmətdən rəsmi elicense.kz portalı vasitəsilə yararlana bilərlər. Elektron icazənin rəsmiləşdirilməsi üçün nəqliyyat vasitəsi Qazaxıstanda qeydiyyatda olmalı və beynəlxalq daşımalar üçün buraxılışa malik olmalıdır.
Qazaxıstan nəqliyyat sahəsində rəqəmsal əməkdaşlığı ardıcıl şəkildə genişləndirir. Daha əvvəl Çin və Özbəkistan ilə icazələrin rəqəmsallaşdırılması üzrə layihələr həyata keçirilib.







