Son dəqiqə

Türkiyə uşaqların təhlükəsizliyi Sosial şəbəkələr 15 yaş qadağası sosial media qanunu

Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilib

BAKI,TurkicWorld

Türkiyədə 15 yaşına çatmayan uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən yeni qaydalar qüvvəyə minib. Müvafiq tənzimləmələr şənbə günü ölkənin rəsmi qəzetində dərc olunub.

TurkicWorld xəbər verir ki, Kibertəhlükəsizlik İdarəsinin qəbul etdiyi qaydalara əsasən, sosial şəbəkə platformalarının 15 yaşdan kiçik istifadəçilərə xidmət göstərməsi qadağan olunur.

Yeni tələblərə görə, 15 yaşına çatmış, lakin hələ yetkinlik yaşına çatmamış istifadəçilər üçün xüsusi təhlükəsizlik tədbirləri tətbiq edilməlidir. Bu tədbirlər uşaqların fiziki, psixoloji, sosial və emosional inkişafının qorunmasına yönəldiləcək.

Sosial şəbəkələr istifadəçilərin yaşını yoxlayan sistemlər yaratmalı, lakin bu zaman şəxsi məlumatların məxfiliyini təmin etməlidirlər. Yaşın təsdiqlənməsi üçün istifadəçinin tam şəxsiyyətinin müəyyənləşdirilməsi tələb olunmayacaq.

Platformalardan həmçinin alqoritmlərin işləmə prinsiplərini və uşaqların müdafiəsinə dair siyasətlərini şəffaflaşdırmaq, valideyn nəzarəti alətləri təqdim etmək tələb olunur.

Qeyd edək ki, yeni qaydalar Türkiyə parlamentinin aprel ayında qəbul etdiyi sosial media qanunvericiliyi çərçivəsində hazırlanıb.

Mövzuya görə xəbərlər