Son dəqiqə

Çin kənd təsərrüfatı Pekin Aqrar texnologiyalar Azərbaycan-Çin əməkdaşlığı DBN Tech Group Mao Çançin

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

BAKI,TurkicWorld

Çin Xalq Respublikasında işgüzar səfərdə olan kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Pekində Çinin kənd təsərrüfatı üzrə qabaqcıl yüksək texnologiya müəssisəsi olan “DBN Tech Group”un fəaliyyəti ilə tanış olub.

Nümayəndə heyətinə 1993-cü ildə yaradılan “DBN Tech Group” heyvan yemləri, heyvandarlıq, bitki toxumları, biotexnologiya və kənd təsərrüfatında rəqəmsal həllər sahələrində fəaliyyət göstərməsi barədə məlumat verilib. Bildirilib ki, şirkət bioloji seleksiya, məhsuldarlıq, heyvan sağlamlığı, həmçinin yüksəkkeyfiyyətli yem və toxum məhsullarının istehsalı üzrə ixtisaslaşıb. Kənd təsərrüfatı biotexnologiyası sahəsində innovasiyalara, rəqəmsallaşmaya və davamlı inkişafa xüsusi önəm verən “DBN Tech Group” dünyanın ən böyük vahid kənd təsərrüfatı tədqiqat və inkişaf (R&D) parkını idarə edir. Şirkət Çində müasir bio-kənd təsərrüfatının sənayeləşməsində əsas hərəkətverici qüvvə rolunu oynayır.

Şirkətin rəhbərliyi ilə keçirilən görüşdə qrupun direktoru Mao Çançin “DBN Tech Group”un xarici ölkələrlə də əməkdaşlıq etdiyini, Azərbaycanla mümkün əməkdaşlıq istiqamətlərinə toxunub.

Nazir Məcnun Məmmədov Azərbaycanın kənd təsərrüfatı sektorunda həyata keçirilən tədbirlər barədə məlumat verib, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin müasir çağırışlara uyğun inkişafı, kənd təsərrüfatında qabaqcıl texnologiyaların tətbiqi, rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Nazir əlavə edib ki, Prezidentin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda da aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsi prioritetlər kimi müəyyənləşdirilib. Nazir qarşıya qoyulan hədəflərə nail olunması istiqamətində xarici tərəfdaşlarla, o cümlədən Çin şirkətləri ilə də əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, “DBN Tech Group”u Azərbaycanda hər il keçirilən “Caspian Agro” beynəlxalq kənd təsərrüfatı sərgisində iştiraka dəvət edib.

Mövzuya görə xəbərlər