Bakı. TurkicWorld:
Türk dövlətlərinin əməkdaşlığı vahid türk dünyasının yaranmasına səbəb olub.
TurkicWorld xəbər verir ki, bu sözləri Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu Antalya Diplomatiya Forumu çərçivəsində “Türk Dünyasında İnstitusionallaşma" panel sessiyasında çıxışı zamanı deyib.
Nazir Nurtleu çıxışında TDT-nin təşəbbüskarı və təsisçi dövlətlərindən biri olan Qazaxıstanın öz fəaliyyəti çərçivəsində inteqrasiyanı müsbət istiqamətdə inkişaf etdirən türk dünyasında xüsusi rolunu qeyd edib. O, həmçinin Qazaxıstanın TURKTIME devizi altında keçirilən TDT-də sədrliyinin prioritetləri barədə dinləyicilərə məlumat verib.
"Təşkilatımız bütün türk dövlətlərini birləşdirir və biz inteqrasiyamızı birlikdə gücləndiririk. Əsas məqsəd iqtisadi, mədəni və humanitar əlaqələri genişləndirməkdir, biz müxtəlif sahələrdə, o cümlədən nəqliyyat və logistika, rəqəmsallaşma və ticarətdə potensialın yaranmasında bir-birimizə kömək edirik", - deyə o əlavə edib.
Qeyd edək ki, Türkiyənin Antalya kurort şəhərində martın 1-dən 3-dək Antalya Diplomatiya Forumu keçiriləcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında keçirilən bu tədbirə 100-dən çox ölkədən 4 minə yaxın qonaq, o cümlədən 20 dövlət və hökumət başçısı dəvət olunub.