Son dəqiqə

Macarıstan Peter Siyarto Bakı Enerji Forumu

Macarıstan bu il Türkiyədən və Qətərdən qaz əldə etməyə ümid edir - Peter Siyarto

Bakı. TurkicWorld:

Macarıstan bu il Türkiyədən və Qətərdən qaz əldə etməyə ümid edir.

TurkicWorld xəbər verir ki, bu barədə bu gün Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto 29-cu Bakı Enerji Forumu çərçivəsində panel müzakirəsində deyib.

O qeyd edib ki, Macarıstanın illik qaz tələbatı təqribən 10 milyard kubmetrdir və Macarıstan onun yalnız 10-15 faizini müstəqil şəkildə ödəyə bilər.

Onun sözlərinə görə, Macarıstanın enerji təhlükəsizliyini təmin etmək və xalq qarşısında öhdəliklərini yerinə yetirmək üçün hələ də Rusiya qazına ehtiyacı var.

"Rusiya qazı olmadan hazırda Macarıstan üçün enerji təhlükəsizliyi mümkün deyil. Bu cür təhlükəsizlik misal üçün, Azərbaycan, Türkiyə və Qətərdən qaz tədarükü artacağı təqdirdə yarana bilər. Lakin bunun üçün infrastruktur lazımdır və bu mövzu hazırda müzakirə olunur", - deyə o vurğulayıb.

O, "Həmrəylik halqası" və "Şaquli dəhliz" layihələrinə dəstəyini ifadə edib.

Nazir həmçinin qeyd edib ki, artıq bu il Macarıstanın qaz sistemi Qətər qazını qəbul edəcək və hesaba alacaq.

"Yazda ilk dəfə olaraq 50 milyon kubmetr Azərbaycan qazını sistemimizə daxil etdik. Bundan başqa, bu il Türkiyədən qaz satın alacağımıza ümid edirik", - Siyarto deyib.

O, qaz tədarükü məsələsini siyasiləşdirməməyə çağırıb.

"Aİ-nin siyasi bəyanatları qazı çatdırmağımıza və əhalini yanacaqla təmin etməyimizə kömək etməyəcək. Mən 10 ildir ki, hökumətdəyəm və bu məsuliyyətin fərqindəyəm", - nazir əlavə edib.

Mövzuya görə xəbərlər