BAKI,TurkicWorld Orxan Qədirzadə
Macarıstanda 24 yaşlı şübhəlinin kiçik təyyarə oğurlayaraq ölkənin yeganə nüvə elektrik stansiyası üzərində uçuşa qadağan edilmiş əraziyə daxil olması ciddi həyəcan yaradıb.
Hadisə Kalocsa hava limanında baş verib. Şübhəlinin dayanacaqda olan “Cessna 172” tipli yüngül təyyarəni qaçırdığı və daha sonra Paks Atom Elektrik Stansiyasına doğru uçduğu bildirilir.
Təyyarənin qadağan olunmuş hava məkanına daxil olmasını radar sistemləri müəyyən etdikdən sonra müdaxilə üçün iki “Gripen” qırıcısı havaya qaldırılıb.
Təqibin başlamasından bir neçə dəqiqə sonra təyyarə nüvə stansiyasından təxminən 20 kilometr məsafədə yerləşən günəbaxan tarlasına məcburi eniş edib. Eniş zamanı təyyarənin şassisi zədələnib.
Polisin məlumatına görə, eniş zamanı yüngül xəsarət alan şübhəli tarladan keçərək avtomobil yoluna çıxıb. Daha sonra yoldan keçən şəxsin avtomobilini oğurlamağa cəhd etsə də, buna nail olmayıb və polis tərəfindən saxlanılıb.
Macarıstan mətbuatının yazdığına görə, saxlanılarkən 24 yaşlı şübhəlinin çaşqın vəziyyətdə olduğu və istiqamətini itirmiş kimi göründüyü bildirilib.







