BAKI,TurkicWorld,Yusif Şərifzadə
Macarıstan Dunay çayında su səviyyəsinin kəskin azalması səbəbindən ölkənin əsas atom elektrik stansiyasının fəaliyyətini davam etdirməsi üçün çaya iki barja batırır.
TurkicWorld xəbər verir ki, Macarıstanın Baş naziri Peter Madyar şənbə günü bildirib ki, Paks Atom Elektrik Stansiyasının normal fəaliyyətini qorumaq məqsədilə iki barjanın batırılmasına başlanılıb.
Avropada bu yay müşahidə olunan həddindən artıq isti hava və quraqlıq Dunay çayında su səviyyəsinin rekord həddə qədər aşağı düşməsinə səbəb olub. Bu vəziyyət çay suyundan reaktorların soyudulması üçün istifadə edən Paks Atom Elektrik Stansiyasının fəaliyyətinə təsir göstərib.
Atom elektrik stansiyaları adətən çayların və dəniz sahillərinin yaxınlığında inşa edilir. Bunun əsas səbəblərindən biri reaktorların soyudulması üçün böyük həcmdə suya ehtiyac olmasıdır.
Macarıstan hakimiyyəti iki barjanı çaya batırmaqla Paks stansiyasının yaxınlığında su səviyyəsini yüksəltməyi və elektrik enerjisi istehsalının normal davam etməsini təmin etməyi planlaşdırır.
Paks Atom Elektrik Stansiyası Macarıstanın elektrik enerjisinə olan tələbatının üçdə birindən çoxunu təmin edir. Buna görə də stansiyanın fəaliyyətində uzunmüddətli məhdudiyyət ölkənin enerji təminatı üçün ciddi risk yarada bilər.
Barjaların batırılması şənbə günü səhər başlayıb. Macarıstan mediasının Baş nazir Peter Madyara istinadən yaydığı məlumata görə, görülən tədbirlər nəticəsində stansiyanın ərazisində suyun səviyyəsi artıq 1 santimetr yüksəlib.
Mütəxəssislər Avropada temperaturun yüksəlməsi və quraqlığın enerji istehsalına təsirinin iqlim dəyişiklikləri fonunda daha ciddi problemə çevrildiyini bildirirlər.






