BAKI,TurkicWorld,Yusif Şərifzadə
Ukrayna Rusiyanın dövlətə məxsus nüvə enerjisi şirkəti “Rosatom”a qarşı sanksiyaların tətbiq edilməsi üçün Avropa İttifaqına çağırış edib.
TurkicWorld xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bu çağırışı “Rosatom”un əsas layihələrindən birində nüvə təhlükəsizliyi və mühəndislik sahəsində ciddi pozuntular barədə iddiaların yayılmasından sonra səsləndirib.
Sibiqa bildirib ki, “Rosatom” sıradan enerji şirkəti deyil və Rusiyanın nüvə enerjisi sahəsində qlobal üstünlük əldə etmək məqsədinin mühüm vasitəsidir.
Ukraynalı nazir araşdırmada ortaya çıxan məlumatların “Rosatom”un etibarlı tərəfdaş olmadığını göstərdiyini deyib.
O, Avropa İttifaqına üzv ölkələri şirkətə qarşı sanksiyalar məsələsi üzrə müzakirələri yenidən başlatmağa çağırıb.
Sibiqanın sözlərinə görə, müharibə cinayətləri ilə əlaqəli olduğu iddia edilən şirkətlə heç bir dövlət nüvə enerjisi sahəsində əməkdaşlıq etməməlidir.
Ukraynanın bu çağırışı “Rosatom”un nüvə layihələrində təhlükəsizlik standartlarına əməl olunması ilə bağlı yeni iddiaların gündəmə gəldiyi bir vaxtda səslənib.






