Türkmənistan Azərbaycanda keçirilən gömrük iclasında iştirak edib

Türkmənistan Azərbaycanda keçirilən gömrük iclasında iştirak edib

Bakı, TurkicWorld:

Türkmənistan, Azərbaycanda Transxəzər Beynəlxalq Şərq-Qərb Mərkəzi Dəhlizi boyunca “Bir Pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə keçirilən gömrük iclasında iştirak edib.

TurkicWorld-un məlumatına görə, çoxtərəfli görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Gürcüstan gömrük xidmətlərinin rəhbərləri və onların nümayəndələri, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Kunio Mikuriya, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Mirvohid Əzimov, BMT-nin Avropa İqtisadi Komissiyası, Beynəlxalq Avtomobil Nəqliyyatı Assosiasiyası (IRU) və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Gömrük iclasında çıxış edən Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya bildirib ki, layihə regional inkişaf və rifahın artırılması, əməkdaşlığın gücləndirilməsi və ticarət-təchizat zəncirinin davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, dövlət başçıları tərəfindən Orta Dəhliz ölkələri arasında əməkdaşlığın gücləndirilməsi üçün yaradılmış çoxtərəfli platformalar çərçivəsində həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verməyə başlayıb.

Qeyd edək ki, iclasda tranzit prosedurunun sadələşdirilməsi üçün tətbiq edilən beynəlxalq mexanizmlərə dair təqdimatlar da nümayiş etdirilib.