Bakı. TurkicWorld:
Xəzər dənizinin suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodunun tikintisi layihəsi üzrə maliyyə danışıqları davam etdirilir.
TurkicWorld-un tədbirdəki müxbiri xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Layihələrin idarə olunması şöbəsinin Dövlət-özəl tərəfdaşlığı sektorunun müdiri Türkan Vüsət çərşənbə günü III Milli Rəqabət Forumunda deyib.
O bildirib ki, Azərbaycanın ilk dövlət-özəl tərəfdaşlığı layihəsi olan zavodun tikintisi üzrə müqavilə ötən il müsabiqənin qalibi, Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ilə imzalanıb.
T.Vüsət qeyd edib ki, pilot layihə ölkəyə yeni texnologiyaların gətirilməsinə və investisiyaların cəlbinə töhfə verir.
Onun sözlərinə görə, müsabiqədə formalaşan rəqabət nəticəsində özəl tərəfdaşların suyun bir kubmetri üçün təklif etdiyi qiymətlər texniki-iqtisadi əsaslandırmada nəzərdə tutulan göstəricidən xeyli aşağı olub.
"Bu, azad rəqabətin dövlət üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Özəl tərəfdaşlar nəzərdə tutduğumuzdan daha sərfəli təkliflər təqdim etdilər", – deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda III Milli Rəqabət Forumu keçirilir.
Tədbirdə Milli Məclisin deputatları, dövlət qurumları, müstəqil ekspertlər və özəl sektorun təmsilçiləri iştirak edirlər.
Ölkədə rəqabət siyasətinin aktual məsələlərinin müzakirəsi məqsədilə keçirilən III Milli Rəqabət Forumu rəqabət mühitinin inkişafına dair prioritet istiqamətlərin müzakirəsi və bu sahədə qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılması, Milli Fəaliyyət Planının müəyyən etdiyi strateji hədəflərin təşviqi baxımından mühüm platforma rolunu oynayacaq.
Əlavə edək ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 11 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nın prioritet istiqamətlərini rəqabətin inkişafı üzrə tənzimləmə və qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi, rəqabət sahəsində elmi-analitik potensialın və rəqabət mədəniyyətinin inkişaf etdirilməsi, habelə əməkdaşlığın və institusional imkanların gücləndirilməsi təşkil edir.







