BAKI,TurkicWorld
"Xəzər dənizi – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin həyata keçirilməsinin ilkin qrafiki açıqlanıb.
Layihənin rəsmi saytında dərc olunan məlumata görə, gücü 2 000 MVt olan Bakı – Ksani – Anakliya – Konstansa-Cənub marşrutu üzrə birinci xəttin, Konstansa-Cənubdan Macarıstanın Albertirşa şəhərinə qədər quru hissəsinin davamı ilə birlikdə, 2032-ci ildə istismara verilməsi planlaşdırılır.
Bakı – Tsxaltubo – Poti – Domneşti marşrutu üzrə ikinci xəttin 2036-cı ildə, Bakı – Tsxaltubo – Poti – Konstansa-Cənub marşrutu üzrə üçüncü xəttin isə 2040-cı ildə istismara verilməsi nəzərdə tutulur.
Layihənin 2040-cı ilədək tam ötürmə gücünə çatacağı gözlənilir.
Bununla yanaşı, yekun investisiya qərarının (FID) qəbul edilməsinə hazırlıq çərçivəsində tərtib olunacaq yol xəritəsində qrafik dəqiqləşdiriləcək.
"Xəzər dənizi – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi Azərbaycan ərazisində günəş, külək və su enerjisi hesabına istehsal olunan elektrik enerjisinin Gürcüstan üzərindən və Qara dənizin dibi ilə Rumıniya və Macarıstana ötürülməsini nəzərdə tutur.
Dərc olunmuş məlumatlara əsasən, dəhliz gərginlik mənbəli çeviricilərlə (VSC) təchiz edilmiş, hər biri ±525 kV gərginliyə və 1 300 MVt gücə hesablanan üç müstəqil yüksək gərginlikli sabit cərəyan xəttindən (HVDC) ibarət olacaq. Hər üç xəttin tikintisi başa çatdıqdan sonra sistemin ümumi ötürücülük qabiliyyəti 3 900 MVt təşkil edəcək.
Hava və yeraltı elektrik xətləri Azərbaycan və Gürcüstan ərazilərindən keçərək Qara dəniz sahilində yerləşən Anakliya və Poti ərazilərinə qədər uzanacaq. Ksani və Tsxaltuboda tikiləcək çevirici yarımstansiyalar dəhlizin Gürcüstanın enerji sistemi ilə ikitərəfli əlaqəsini təmin edəcək. Bu, Gürcüstana həm bərpaolunan mənbələrdən əldə olunan artıq elektrik enerjisini ixrac etməyə, həm də zərurət yarandıqda elektrik enerjisi idxal etməyə imkan yaradacaq.
Gürcüstan sahillərindən başlayacaq və hər birinin uzunluğu təxminən 1 120 kilometr olan sualtı kabellər Qara dənizdən keçərək, əsasən 2 200 metrədək dərinlikdə yerləşən abissal düzənlik boyunca Rumıniyanın Konstansa-Cənub ərazisindəki sahilə çıxış nöqtəsinə qədər uzanacaq.
Rumıniya və Macarıstanda dəhliz Konstansa-Cənub və Domneşti (Buxarest) qovşaqları, eləcə də Budapeşt yaxınlığında yerləşən Albertirşa yarımstansiyasına qədər uzanan quru xətti vasitəsilə Avropa İttifaqının enerji sisteminə qoşulacaq.
Resursların və tələbatın qiymətləndirilməsini, texnologiya və marşrutların seçilməsini, enerji sistemlərinə inteqrasiyanı, eləcə də biznes modelini əhatə edən və CESI şirkəti tərəfindən hazırlanmış layihənin texniki-iqtisadi əsaslandırması 2026-cı il iyulun 8-də Bakıda keçirilən layihəyə üzv ölkələrin 12-ci nazirlər görüşündə təsdiqlənib.
Hazırda layihə işlənib hazırlanma mərhələsindədir. Tender prosedurlarına hazırlıq görülür və yekun investisiya qərarının qəbul edilməsi üçün yol xəritəsi hazırlanır.
Qeyd edək ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan layihənin həyata keçirilməsi üzrə strateji tərəfdaşlıq sazişi imzalayıblar. 2024-cü ilin sentyabrında isə Rumıniyanın "Transelectrica" və Gürcüstanın "Georgian State Electrosystem" elektrik enerjisinin ötürülməsi sistemlərinin operatorları, Azərbaycanın "AzərEnerji" ASC-si və Macarıstanın MVM şirkəti Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel layihəsinin həyata keçirilməsi məqsədilə birgə müəssisə yaradıblar.







