Son dəqiqə

Azərbaycan Türkiyə Xəzər dənizi Mikayıl Cabbarov Avropa İttifaqı Cənubi Qafqaz Avropa qaz ixracı neft-qaz sektoru

Azərbaycan qazı 16 ölkəyə, o cümlədən Aİ-nin 10 üzvünə tədarük edilir - Mikayıl Cabbarov

BAKI,TurkicWorld

Azərbaycan qazı hazırda 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv ölkəsinə tədarük edilir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan uzunmüddətli tərəfdaşlıq, regionlar arasında bağlantıların gücləndirilməsi və bu bağlantılardan yalnız tranzit və nəqliyyat deyil, daha geniş iqtisadi dəyər yaratmaq üçün istifadə edilməsinə əsaslanan siyasət həyata keçirir.

“Son altı il ərzində pandemiyanın yaratdığı tədarük və daşınma problemləri, eləcə də davam edən geosiyasi gərginliklər göstərdi ki, uzaq görünən bir şok çox qısa müddətdə ölkə daxilində istehsala təsir göstərə bilər”, – Mikayıl Cabbarov qeyd edib.

Onun sözlərinə görə, hazırda həm biznes, həm də hökumətlər investisiyaların hara yönəldiləcəyini, hansı sahələrə üstünlük veriləcəyini və hansı tərəfdaşlara etibar edilə biləcəyini yenidən nəzərdən keçirirlər.

Nazir vurğulayıb ki, Azərbaycan üçün etimadın əsasını üç mühüm amil təşkil edir: uzunmüddətli öhdəliklərin yerinə yetirilməsi, siyasi və makroiqtisadi sabitlik, eləcə də razılaşmaların proqnozlaşdırıla bilən və səmərəli şəkildə icrası.

Cabbarov “Əsrin müqaviləsi”ni Azərbaycanın uzunmüddətli tərəfdaşlıqlara sadiqliyinin nümunəsi kimi göstərib. Onun sözlərinə görə, 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə dünyanın aparıcı enerji şirkətlərinin konsorsiumu ilə imzalanmış müqavilə Azərbaycanla beynəlxalq enerji şirkətləri arasında əməkdaşlığın möhkəm modelini yaradıb.

“Otuz ildən artıq müddətdə tərəfdaşlarımızla əl-ələ verərək çalışmaqla biz təkcə öz ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verməmişik, həm də regionda və onun hüdudlarından kənarda bir sıra ölkələr üçün etibarlı enerji təchizatçısına çevrilmişik”, – nazir bildirib.

Mikayıl Cabbarov qeyd edib ki, uzunmüddətli tərəfdaşlıqlar yeni investisiya və təkrar investisiyaların cəlbinə imkan yaradır. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin böyük hissəsi əldə etdikləri mənfəəti yenidən ölkəyə yatırır.

Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevrilib

Nazir Azərbaycanın dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, uzunmüddətli siyasət və davamlı investisiyalar hesabına beynəlxalq nəqliyyat qovşağına çevrildiyini bildirib.

O qeyd edib ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən hər iki istiqamətdə fəaliyyət göstərir.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı Dəmir Yolu, gəmiqayırma zavodumuz və Xəzər Ekspres donanması Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən dəhlizin əsas elementlərindəndir”, – Cabbarov deyib.

Nazir bildirib ki, bu dəhlizlər boyunca tərəfdaşlarla əməkdaşlıq nəticəsində təhlükəsiz və etibarlı marşrut formalaşdırılıb, yük həcmləri hər il artıb.

Onun sözlərinə görə, növbəti mərhələ xidmət keyfiyyətinin yüksəldilməsidir:

“Marşrutların Azərbaycanın bugünkü geosiyasi şəraitində yalnız təhlükəsiz deyil, həm də qiymət və vaxt baxımından rəqabətqabiliyyətli olması əsas məqsəddir”.

Cabbarov rəqəmsallaşma və süni intellekt əsaslı həllərin tətbiqinə investisiyaların bu məqsədə xidmət etdiyini vurğulayıb.

“Qaz dəhlizlərindən iqtisadi dəhlizlərə keçməyi hədəfləyirik”

Nazir Azərbaycanın iqtisadi strategiyasında enerji dəhlizlərindən daha geniş iqtisadi dəhlizlərə keçidin prioritet olduğunu bildirib.

“Biz qaz dəhlizlərindən iqtisadi dəhlizlərə keçməyi hədəfləyirik. Buna görə də prioritetimiz özəl sektorun rəhbərlik etdiyi şaxələndirilmiş, ixracyönümlü iqtisadiyyat yaratmaqdır”, – Cabbarov deyib.

O qeyd edib ki, 2021–2025-ci illərdə qeyri-neft-qaz sektorunda real artım orta hesabla illik 6 faiz təşkil edib. Eyni dövrdə qeyri-neft sənayesi 50 faiz artıb, qeyri-neft-qaz ixracı isə iki dəfədən çox yüksəlib.

Nazirin sözlərinə görə, 2025-ci ildə qeyri-neft-qaz iqtisadiyyatının ÜDM-də payı 71 faiz təşkil edib və bu göstəricinin 2030-cu ilədək 82 faizə çatdırılması nəzərdə tutulur.

Cabbarov həmçinin Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət sahəsində əməkdaşlığının genişləndiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan və Mərkəzi Asiya ölkələri ticarət məsələləri üzrə öz yanaşmalarını getdikcə daha çox əlaqələndirirlər.

Nazir vurğulayıb ki, Cənubi Qafqazda yeni geosiyasi və iqtisadi reallıqlar daha geniş regionun, o cümlədən Mərkəzi Asiya və Cənubi Qafqazın iqtisadi potensialının artmasına yeni imkanlar yaradır.

Mövzuya görə xəbərlər