BAKI,TurkicWorld, Orxan Qədirzadə
Bakıda BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclası keçirilir.
TurkicWorld xəbər verir ki, iclasda çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundov bildirib ki, Azərbaycan artıq 30 ildən çoxdur ki, BMT ilə sıx əməkdaşlıq edərək Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi, idarəetmə və institusional inkişaf, vətəndaşlar üçün bərabər inkişaf imkanlarının yaradılması və digər istiqamətlərdə ardıcıl addımlar atır. Bu tərəfdaşlıq qlobal prioritetlərin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər”lə uzlaşdırılmasına mühüm töhfə vermişdir. BMT ilə əməkdaşlıq çərçivəsində indiyədək əməkdaşlığa dair 5 Çərçivə Sənədi hazırlanmışdır və hazırda 2026–2030-cu illəri əhatə edən 5-ci Çərçivə Sənədi icra mərhələsinə daxil olur. 2021–2025-ci illəri əhatə edən əvvəlki Çərçivə Sənədi inklüziv artımın təşviqi, dövlət və sosial xidmətlər üçün institusional potensialın möhkəmləndirilməsi, ətraf mühitin qorunması və iqlim dəyişikliklərinə qarşı mübarizə kimi prioritet istiqamətləri əhatə etmişdir.
Qarşıdakı dövr üçün əsas məqsədimiz əldə edilmiş nailiyyətləri möhkəmləndirməklə yanaşı, iqlim dəyişiklikləri, rəqəmsal transformasiya, inklüziv artım və iqtisadi dayanıqlılıq kimi yeni qlobal çağırışlara çevik və effektiv cavab verən tərəfdaşlıq modelini daha da inkişaf etdirməkdir.
2026–2030-cu illəri əhatə edən Çərçivə Sənədi bu baxımdan iki əsas prioritet istiqaməti müəyyən edir:
İnklüziv sosial-iqtisadi inkişaf və insan kapitalının gücləndirilməsi;
Ekosistemlərin qorunması, iqlimə davamlılıq və yaşıl artımın təşviqi.
Bu prioritetlər bütün vətəndaşlar üçün keyfiyyətli xidmətlərə çıxışın genişləndirilməsinə, layiqli məşğulluğun təmin edilməsinə, innovasiya və sahibkarlığın inkişafına, resurslardan səmərəli istifadəyə və ətraf mühitin qorunmasına xidmət edir. 2026–2030-cu illəri əhatə edən Çərçivə Sənədi strateji prioritetlər üzrə bir sıra konkret statistik hədəflər müəyyən edir.
Birinci strateji prioritet – inklüziv sosial-iqtisadi artım və insan kapitalının gücləndirilməsi istiqamətində kənd təsərrüfatına yönəlmiş dövlət xərclərinin indeksinin yüksəldilməsi, qeyri-infeksion xəstəliklərdən vaxtından əvvəl ölüm səviyyəsinin endirilməsi, qadınların idarəetmə vəzifələrində iştirakının və sosial müdafiə əhatəsinin artırılması, eləcə də əmək haqqının ÜDM-də payının yüksəldilməsi kimi hədəflər müəyyən edilmişdir.
İkinci strateji prioritet – ekosistemlərin qorunması, iqlimə davamlılıq və yaşıl artımın təşviqi istiqamətində isə inteqrə olunmuş su ehtiyatlarının idarə olunması, bərpa olunan enerjinin ümumi enerji istehlakındakı payının, tullantıların təkrar emal səviyyəsinin, eləcə də meşə örtüyünün payının artırılması nəzərdə tutulur.
Bu göstəricilər Azərbaycanın dayanıqlı inkişaf, yaşıl iqtisadiyyat və inklüziv sosial-iqtisadi inkişaf istiqamətində əldə olunması planlaşdırılan konkret nəticələrini əks etdirir. Yeni Çərçivə Sənədi üzrə ümumi maliyyə yükü 85.3 milyon dollardır. Bu vəsaitdən layihələrin maliyyələşdirilməsi üçün 51 milyon dollar vəsait mövcud olmaqla, 34 milyon dollar vəsait isə qarşıdakı 5 illik dövr ərzində cəlb olunmalıdır. Bu istiqamətdə BMT təsisatları və dövlət qurumlarının birgə fəaliyyəti arzuolunan nəticələrə çatmaq baxımından əhəmiyyət kəsb edir.
Ölkəmiz ötən illər ərzində xüsusilə layiqli əmək və iqtisadi artım, sənaye, innovasiya və infrastruktur, sərfəli və təmiz enerji kimi dayanıqlı inkişaf məqsədləri üzrə mühüm nailiyyətlər əldə edib. Dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, rəqəmsal iqtisadiyyatın və qeyri-neft-qaz sənayesinin inkişafı, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın müasir inkişaf strategiyasının əsasını təşkil edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda müsbət sərmayə iqlimi formalaşıb, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb və ölkənin beynəlxalq nüfuzu daha da möhkəmlənib. Ölkə iqtisadiyyatının şaxələndirilməsi bizim əsas məqsədimizdir. Bu istiqamətdə sahibkarlıq fəaliyyətinə dəstək mexanizmləri, vergi və gömrük güzəştləri, xüsusən kiçik və orta biznesin, qadın sahibkarların və startapların inkişafına yönələn təşəbbüslər inklüziv və innovativ iqtisadi modelin formalaşmasına xidmət edir.
Dünya iqtisadiyyatında sürətli rəqəmsallaşma və bu xüsusda məhsuldarlığın əhəmiyyətli artımı keyfiyyətli inkişaf üçün fürsətlər yaradır. Bu baxımdan, ölkəmizdə sahibkarlıq sahəsində rəqəmsal infrastrukturun genişləndirilməsi və transformasiyanın sürətləndirilməsi, iqtisadiyyatın rəqabətliliyinin yaxşılaşdırılması, innovasiya əsaslı inkişafın təşviqi, rəqəmsal bacarıqların gücləndirilməsi prioritet istiqamətlər kimi müəyyən edilib.
Ötən il Prezident İlham Əliyevin rəhbərliyi ilə sülh gündəliyi üzrə əldə olunan irəliləyişlər regionda yeni iqtisadi imkanların formalaşmasına zəmin yaradıb. Bu proses regional əməkdaşlığın genişlənməsi, nəqliyyat-logistika əlaqələrinin inkişafı və investisiya axınlarının artması üçün əlverişli şərait formalaşdırır.
Azərbaycan bu gün Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə dördüncü Könüllü Milli Hesabatını təqdim etmiş azsaylı ölkələrdən biri kimi çıxış edir və 2027-ci ildə ölkəmiz tərəfindən beşinci Könüllü Milli Hesabatın təqdim edilməsi planlaşdırılır.
Bununla yanaşı, BMT-nin Rezident Əlaqələndiricisinin Ofisi ilə əməkdaşlıq çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin regional səviyyədə lokallaşdırılması layihəsinə başlanılmışdır. Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılması onların yalnız qlobal səviyyədə qəbul edilməsini deyil, eyni zamanda milli, regional və yerli səviyyələrdə siyasətlərə, proqramlara və inkişaf planlarına inteqrasiya edilməsini nəzərdə tutur.
Fəaliyyətin ilkin mərhələsi olaraq İqtisadiyyat Nazirliyi və BMT-nin Rezident Əlaqələndiricisinin Ofisi tərəfindən Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərdə – ilk mərhələdə Şuşa şəhərində – müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində lokallaşdırma təşəbbüslərinin başlanmasıüçün işlər görülür.
Əminik ki, BMT ilə tərəfdaşlığımızın növbəti mərhələsi ölkəmizdə dayanıqlı inkişafa, və regionda sülhə, rifaha və sabitliyə töhfə verəcəkdir.
Sonda BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinə, BMT-nin ölkəmizdə fəaliyyət göstərən ixtisaslaşmış qurumlarına və bu mühüm prosesə töhfə verən hər kəsə minnətdarlığımı bildirirəm.







